Almaniyada ifrat sağçı partiyanın qurultayına qarşı kütləvi etiraz aksiyaları gözlənilir

2026/06/1782412000.jpg
Oxunub: 187     22:20     25 İyun 2026    
Almaniya polisi “Almaniya üçün Alternativ” partiyasının qurultayına qarşı keçiriləcək genişmiqyaslı etiraz aksiyalarına hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, daxili təhlükəsizlik xidmətlərinin qiymətləndirməsinə əsasən, iyulun 4-5-də Erfurtda keçiriləcək partiya qurultayı zamanı təşkil olunacaq etiraz aksiyalarında 50 mindən çox nümayişçi iştirak edə bilər. Bildirilir ki, bu, son illərin ən böyük etirazlarından biri ola bilər.

“WELT” nəşrinin istinad etdiyi polis sənədlərində 2500-ə qədər radikal solçu fəalın aksiyalara qoşulacağı və onların 2017-ci ildə Hamburqda keçirilən G20 sammiti zamanı baş verən hadisələrə bənzər iğtişaşlar törədə biləcəyi ehtimal olunur.

“Almaniya üçün Alternativ” partiyasının qurultayı partiyanın reytinqinin artdığı bir dövrə təsadüf edir. Sorğulara əsasən, partiya təxminən 28 faiz dəstəklə kansler Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqını geridə qoyaraq ölkə üzrə birinci yerdə qərarlaşıb.

Polis radikal qrupların aksiyaların kütləviliyindən istifadə edərək hüquq-mühafizə orqanlarına hücum edə və qurultayın işini pozmağa cəhd göstərə biləcəyindən ehtiyat edir.

Hakimiyyət qurultay keçiriləcək ərazi ətrafında 30-a qədər bloklama nöqtəsinin yaradılacağını gözləyir və giriş yollarının bağlanması cəhdləri ilə bağlı xəbərdarlıq edib.

Məlumata görə, səfərbərlikdə “Widersetzen” (“Müqavimət”) şəbəkəsi mühüm rol oynayır. Şəbəkə kütləvi vətəndaş itaətsizliyi və bloklama aksiyalarını dəstəkləyir.

Etirazlara həmkarlar ittifaqları, kilsə təşkilatları, iqlim fəalları və antifaşist hərəkatlarının da qoşulacağı bildirilir.

Bundan əlavə, “Indymedia” platformasında İtaliya, Fransa və İsveçrədən olan fəallara Erfurta gəlmək çağırışı edilən paylaşımlar da yoxlanılır.

Qeyd edək ki, daha əvvəl Saksoniyanın Riza şəhərində keçirilən “Almaniya üçün Alternativ” partiyasının analoji qurultayı da polis və etirazçılar arasında toqquşmalarla müşayiət olunmuşdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   İfrat-sağçı-partiya  


Bizi "telegram"da izləyin