Ordu.az Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının teleqram kanalına istinadən xəbər verir ki, iyunun 22-nə keçən gecə həyata keçirilən hücum nəticəsində Rusiyanın Vladimir vilayətinin Qus-Xrustalnı rayonundakı "Vladimir" Kosmik Rabitə Mərkəzinin obyektləri zədələnib.
Xüsusilə, kompleksin əsas 25 metrlik parabolik antenası və Baş aparat-proqram kompleksinin damında yerləşən antena kritik zədələr alıb.
Peyk modemləri və multipleksorlar zallarının, eləcə də digər kosmik mərkəzlərlə fiber-optik rabitə xətləri vasitəsilə birləşdirilmiş mərkəzi kommutasiya qovşağının yerləşdiyi Baş aparat-proqram kompleksinin binasının mərkəzi hissəsi də əhəmiyyətli dərəcədə zədələnib.
Bundan əlavə, Ukraynanın Müdafiə Qüvvələrinin məlumatına görə, ötürücü və qəbuledici komplekslərin, antena postlarının kommutasiya sistemlərinin, həmçinin ötürücülərin və elektron aparatların soyuducu avadanlıqlarının yerləşdiyi 1 nömrəli Aparat-texniki korpus ciddi şəkildə zədələnib.
Ukrayna tərəfi həmçinin bildirib ki, iyunun 24-də Orenburq qaz emalı zavoduna endirilən zərbə nəticəsində dörd qaz emalı qurğusu zədələnib.
Qeyd olunur ki, hazırda müəssisədə istehsal prosesi dayandırılıb.
Ordu.az