Ordu.az xəbər verir ki, Haluk Görgün bu fikirləri Müdafiə Sənayesi Komitəsinin ev sahibliyi ilə keçirilən “SSB Kvant Proqramının Təqdimatı” tədbirində səsləndirib.
Tədbirdə Ali Təhsil Şurasının sədri Erol Özvar, universitet rektorları, akademiklər və sənaye nümayəndələri iştirak ediblər.
Haluk Görgün bildirib ki, Kvant Proqramı Türkiyənin texnoloji müstəqilliyi, müdafiə sənayesinin gələcəyi və gələcək təhlükəsizlik arxitekturası üçün mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, kvant texnologiyaları artıq nəzəri elmi sahə olmaqdan çıxaraq strateji imkanlar istiqamətinə çevrilib.
Görgün qeyd edib ki, hesablama, aşkarlama və rabitə sahələrində formalaşan yeni nəsil imkanlar müdafiə sənayesinin gələcəyinə birbaşa təsir göstərir.
“Kritik texnologiyalarda xarici asılılıq yalnız təchizat məsələsi deyil, suverenliyin səssiz şəkildə təhvil verilib-verilməməsi məsələsidir. Biz bunu müdafiə sənayesində çox yaxşı bilirik və təcrübədən keçirmişik”, - deyə o vurğulayıb.
Komitə sədri bildirib ki, son 20 ildə Türkiyə xarici asılılığı azaltmaq üçün mühüm addımlar atıb və təhlükəsizlik qüvvələrindən əldə olunan əməliyyat təcrübəsini sürətlə məhsula çevirməyə nail olub.
Görgün müdafiə sənayesində əldə edilən uğurların artıq dünyanın diqqətini cəlb etdiyini də qeyd edib.
Onun sözlərinə görə, Türkiyənin həm texnoloji, həm də idarəetmə baxımından formalaşdırdığı model bir çox ölkə tərəfindən öyrənilir.
“Ölkədə illər ərzində formalaşmış mühəndislik təcrübəsi, güclü ekosistem və əldə olunan bilik bazası Türkiyəyə yeni texnologiyalarda da liderlik iddiası ortaya qoymağa imkan verir”, - deyə Haluk Görgün əlavə edib.
Tədbirdə insan resurslarının inkişafına da xüsusi diqqət ayrılıb.
Görgün xatırladıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə həyata keçirilən “Milli Səriştə Hərəkatı” proqramı gələcəyin bacarıqlarını formalaşdırmaq məqsədi daşıyır.
Onun sözlərinə görə, Türkiyə müdafiə sənayesində çalışanların orta yaşı 34-dür və bu göstərici inkişaf etmiş ölkələrlə müqayisədə xeyli gənc kadr potensialına işarə edir.
Tədbirin sonunda strateji əhəmiyyət daşıyan bir sıra kvant layihələri üzrə sənədlər imzalanıb.
Bunlar arasında “Superkeçirici Kvant Prosessor Bölməsinin (QPU) Hazırlanması Layihəsi”, “Naviqasiya və sualtı qayıqların aşkarlanması üçün Kvant Maqnitometrinin İstifadəsi və Nümayişi (KERTERİZ) Layihəsi”, “Müdafiə Sənayesi Kvant Texnologiyaları Strateji Səriştələrin İnkişafı üzrə Əməkdaşlıq Protokolu” və “SSB Kvant Alqoritmləri Yarışması” yer alıb.
Tədbirdə həmçinin Türkiyə Kvant Platformasının təqdimatı keçirilib və proqramın məqsədləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Sevinc Əliyeva
Ordu.az