Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiya prezidentinə “İl-114-300”, SJ-100 və МС-21 sərnişin təyyarələri təqdim olunub. Tədbirdə hökumət üzvləri, iri dövlət korporasiyalarının rəhbərləri, o cümlədən ROSTEX rəhbərliyi, baş nazirin müavini, aidiyyəti nazirlər, həmçinin Birləşmiş Aviasiya Korporasiyası, Rosaviatsiya və Sberbank rəhbərləri iştirak ediblər.
Sərgidə nümayiş olunan aviasiya texnikası ilə bağlı məlumatları layihələrin hazırlanmasında iştirak edən konstruktor bürolarının nümayəndələri təqdim ediblər. Təyyarələrin nümayişindən sonra ölkənin aviasiya sənayesinin inkişafına həsr olunmuş müşavirənin keçirilməsi planlaşdırılır.
“İl-114-300” 50-68 sərnişin daşımaq üçün nəzərdə tutulmuş modernləşdirilmiş turbovintli regional təyyarədir. Onun köhnəlmiş “An-24” və “An-26” modellərini əvəz etməsi nəzərdə tutulur. Plana əsasən, ilk təyyarələrin təhvilinə 2026-cı ildə başlanacaq.
SJ-100 əvvəllər istehsal olunan “Superjet” təyyarəsinin idxalı əvəz edən versiyası kimi hazırlanmış yaxın məsafəli sərnişin təyyarəsidir. Sanksiyalardan sonra beynəlxalq əməkdaşlığın dayanması səbəbindən layihə Rusiya istehsalı komponentlər əsasında yenidən işlənib. Təyyarələrin təhvilinin 2027-ci ildə başlaması gözlənilir.
МС-21-310 isə “Yakovlev” korporasiyası tərəfindən hazırlanmış yeni nəsil orta məsafəli sərnişin təyyarəsidir. Təxminən 175 sərnişin daşımaq imkanına malik olan təyyarə iki sinifli salon konfiqurasiyasında 3,8 min kilometrədək məsafə qət edə bilir.
МС-21 layihəsi ilkin mərhələdə beynəlxalq əməkdaşlıq çərçivəsində hazırlanıb. Lakin sanksiyalardan sonra xarici tərəfdaşların layihədən çıxması idxal olunan komponentlərin yerli analoqlarla sürətlə əvəz edilməsini zəruri edib.
Sevinc Əliyeva
Ordu.az