Almaniyanın müdafiə naziri: “Avropalılar güclərini birləşdirməlidirlər”

2026/06/1782303997.jpg
Oxunub: 256     16:23     24 İyun 2026    
Almaniyanın müdafiə naziri Boris Pistorius Avropanın təhlükəsizlik, iqtisadiyyat və xarici siyasət sahələrində üzləşdiyi risklərin yalnız birgə fəaliyyət nəticəsində aradan qaldırıla biləcəyini bildirib.

Ordu.az xəbər verir ki, Pistorius bu barədə Berlində keçirilən tədbirdə çıxışı zamanı danışıb.

Nazir vurğulayıb ki, Avropanın qarşısında duran problemlər milli səviyyədə həll edilə bilməz.

“Avropalılar olaraq güclərimizi birləşdirməliyik. Təəssüf ki, bunu hələ kifayət qədər etmirik”, - deyə Pistorius bildirib.

O qeyd edib ki, təchizat zəncirlərinin təhlükəsizliyinin təmin edilməsi, kritik xammallara çıxış imkanlarının artırılması və vahid xarici siyasətin formalaşdırılması üçün daha güclü Avropa yanaşmasına ehtiyac var.

Pistorius əlavə edib ki, Ukrayna müharibəsinə qədər Almaniya və Avropanın bir çox ölkəsində dayanıqlılıq anlayışına müdafiə, iqtisadiyyat və siyasət sahələrində kifayət qədər önəm verilmirdi.

Onun sözlərinə görə, Almaniya son dörd il ərzində bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə edib və cəmiyyətin, biznes dairələrinin, dövlət qurumlarının böhran dövrlərində nəyə qadir olduğunu nümayiş etdirib.

Nazir bildirib ki, dünyada təhlükəsizlik mühiti dəyişir və Avropa yenidən real hərbi təhdidlərlə üzləşə bilər. Bu səbəbdən müdafiə sahəsinə sürətli və koordinasiyalı investisiyalar qaçılmazdır.

Pistorius hesab edir ki, Avropa təhlükəsizlik siyasəti baxımından daha müstəqil olmalı və ABŞ-dən gələn siqnallara reaksiya verməklə kifayətlənməməlidir.

O, rəqəmsal suverenliyin də bu prosesin mühüm hissəsi olduğunu vurğulayaraq Avropanın kritik sahələrdə xarici asılılığını azaltmasının vacibliyini qeyd edib.

“ABŞ sistemi olmadan işləyən kredit kartı tapmağa çalışın, tapa bilməzsiniz. Bu, son 30 ildə özümüzü saldığımız vəziyyətin kiçik nümunəsidir”, - deyə Almaniyanın müdafiə naziri bildirib.

Pistorius sonda vurğulayıb ki, iqtisadi səmərəlilik tək meyar olmamalıdır, təhlükəsizlik, dayanıqlılıq və strateji müstəqillik də Avropanın gələcək siyasətində əsas rol oynamalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Pistorius  


Bizi "telegram"da izləyin