Tramp: Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa verəcək

2026/01/1769315164.jpg
Oxunub: 181     18:53     21 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Kir Starmerin Böyük Britaniyanın Baş naziri postundan tezliklə istefa verəcəyinə əminliyini ifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

"Kir Starmer Birləşmiş Krallığın Baş naziri postundan istefa verəcək. O, iki çox vacib məsələnin - immiqrasiya və energetika - (Şimal dənizi neftini açın!) öhdəsindən son dərəcə pis gəlib. Ona hər şeyin ən yaxşısını arzulayıram!" - paylaşımda bildirib.

Daha əvvəl "Sky News" telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, Böyük Britaniyanın XİN rəhbəri İvett Kuper Starmerlə söhbətində ona istefa verməli olduğunu deyib. Digər nüfuzlu daxili işlər naziri Şabana Mahmud da bu fikirdə onunla həmrəydir.

"The Observer" həmçinin Starmerin elə iyunun 22-də öz istefasını elan edə biləcəyi ehtimalını da istisna etməyib. Nəşrin məlumatına görə, əks təqdirdə, iyunun 23-də Nazirlər Kabinetinin iclasında ondan açıq şəkildə postunu tərk etməsi istəniləcək.

Starmerin istefası ilə bağlı söhbətlər onun partiyadaşı, Böyük Mançester qraflığının meri Endi Bernemin iyunun 18-də Britaniya parlamentinin İcmalar Palatasına (aşağı palata) keçirilən əlavə seçkilərdə qalib gəlməsindən sonra aktivləşib. Bu qələbə Bernemə leyboristlərin sol cinahının dəstəyini itirmiş Starmerin liderliyinə meydan oxumaq imkanı verib.

Böyük Britaniyada siyasi böhran mayın 7-də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdən sonra alovlanıb. Seçkinin yekunlarına əsasən, Leyboristlər Partiyası ilk dəfə Uels parlamenti üzərində nəzarəti itirib. İngiltərənin müxtəlif qanunverici orqanlarına leyboristlər əvvəllər malik olduqları ilə müqayisədə 1,4 min daha az nümayəndə keçiriblər. Starmer seçkilərdəki uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürüb, lakin leyboristlərin lideri və baş nazir postlarından getməkdən imtina edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin