KNDS 60 kilometrlik mənzilə malik yeni haubitsasını təqdim edib

2026/06/Ekran-1781970801.jpg
Oxunub: 204     19:52     20 İyun 2026    
Fransa-Almaniya müdafiə sənayesi şirkəti KNDS standart sursatlarla 60 kilometr məsafədəki hədəfləri vurmağa qadir yeni nəsil “Loras” haubitsasını təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin “Eurosatory 2026” sərgisində təqdim etdiyi məlumatlarda bildirilib.

Uzun Mənzilli Artilleriya Sistemi (LOng-Range Artillery System - Loras) adlandırılan 155 mm-lik haubitsa Leopard tankı və “Caesar” özüyeriyən artilleriya qurğusunun istehsalçısı olan KNDS tərəfindən hazırlanıb.

Şirkət yeni sistemin NATO ölkələrində istehsal olunan bütün artilleriya sistemləri arasında ən uzun lüləyə malik olduğunu vurğulayıb.

Tırtıllı “Boxer” şassisi üzərində qurulan haubitsa Fransa istehsalı lülə ilə təchiz olunub və “KNDS Deutschland” tərəfindən hazırlanmış Artilleriya Silah Modulundan istifadə edir.

“KNDS France” şirkətinin mühəndisi Pyer Septfons bildirib ki, sistemin prototipi artıq atəş sınaqlarından keçirilib. Şirkət 2032-2035-ci illər arasında seriyalı istehsala başlamağı planlaşdırır.

“Loras” 58 çaplı lülə ilə təchiz olunub. Bu göstərici Avropadakı əksər yeni sistemlərdə istifadə olunan 52 çaplı lülələrdən təxminən 12 faiz daha uzundur. Septfons qeyd edib ki, layihənin əsas məqsədi raketlə dəstəklənən sursatlardan istifadə etmədən adi sursatlarla 60 kilometrlik mənzilə nail olmaq olub.

Mütəxəssisin sözlərinə görə, hazırda 52 çaplı lüləyə malik 155 mm-lik sistemlərin standart mənzili təxminən 40 kilometrdir.

ABŞ daha əvvəl 58 çaplı lüləyə malik ERCA proqramını lülədə həddindən artıq aşınma problemləri səbəbindən dayandırmışdı. KNDS nümayəndələri isə bildirirlər ki, “Loras” sistemində istifadə olunan daha böyük yanma kamerası təzyiqin daha yumşaq paylanmasına imkan verir və aşınmanı azaldır.

Haubitsanın yükləmə sistemi tam avtomatikdir. Şirkət nümayəndələri bildiriblər ki, sistem müasir elektronika və yeni yükləmə mexanizmi sayəsində əvvəlki nəsil artilleriya sistemlərindən daha qabaqcıldır.

KNDS həmçinin qeyd edib ki, birbaşa axınlı mühərrikə malik və ya süzülən sursatlardan istifadə edilərsə, “Loras”ın mənzili təxminən 100 kilometrə qədər artırıla bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KNDS   Haubitsa  


Bizi "telegram"da izləyin