Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukraynanın Baş prokuroru Ruslan Kravçenkonun “Telegram” kanalına istinadən məlumat yayıb.
Məlumata görə, söhbət 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabrınadək Ukraynanın mədəniyyət və informasiya siyasəti nazirinin səlahiyyətlərini icra etmiş Rostislav Karandeyevdən gedir.
İstintaq hesab edir ki, xaricdə keçirilən xeyriyyə konsertləri hərbi vəziyyət dövründə çağırış yaşında olan kişilərin ölkədən çıxarılması üçün istifadə edilən sxemin bir hissəsi olub.
Rəsmi sənədlərdə həmin şəxslər musiqi kollektivinin üzvləri kimi göstərilsələr də, istintaqın məlumatına görə, onların musiqi fəaliyyəti ilə heç bir əlaqəsi olmayıb.
Bildirilir ki, əvvəlcə Dövlət Sərhəd Xidməti həmin şəxslərin ölkədən çıxışına icazə verməyib. Daha sonra nazirlik rəhbərliyi tərəfindən onların musiqi kollektivinin üzvü kimi xaricə getməsinə kömək göstərilməsi xahişi ilə təkrar müraciət edilib.
İstintaqın versiyasına görə, məhz bu sənəd ölkədən çıxış icazəsinin verilməsi üçün əsas olub.
Nəticədə hərbi xidmətə çağırış yaşında olan səkkiz kişi Ukraynanı tərk edib və hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar hələ də geri qayıtmayıblar.
Baş prokuror vurğulayıb ki, hərbi vəziyyət şəraitində hərbi vəzifəlilərin ölkədən çıxışı ilə bağlı qərarlar dövlət təhlükəsizliyi və dövlət institutlarına etimad baxımından xüsusi əhəmiyyət daşıyır.
“Vəzifə qanundan yan keçmək hüququ vermir. Dövlət sənədi saxtakarlıqlar üçün örtük ola bilməz”, - deyə Kravçenko bildirib.
Cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 332-ci maddəsinin 2-ci hissəsi üzrə araşdırılır. Hüquq-mühafizə orqanları mümkün digər iştirakçıları və əlavə epizodları müəyyənləşdirirlər.
Sevinc Əliyeva
Ordu.az