Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Henaket” Analitik Mərkəzinin eksperti Şiraz Xaçatryan deyib.
Erməni ekspert xatırladıb ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO sammiti ərəfəsində Moskvaya səfər edib, burada Rusiya Prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşlər keçirib.
Xaçatryanın fikrincə, Moskva və Ankaranın son açıqlamaları ilk növbədə regionda Qərb təsirinin genişlənməsinin qarşısını almağa hesablanıb.
“Çox sadə proses gedir. Hakan Fidanın Moskva səfəri və Lavrovla görüşündən sonra səslənən bəyanatlara Qərb vektorunun mümkün aktivləşməsinə qarşı çıxan iki regional aktorun prizmasından baxmaq lazımdır. Buradakı əsas fikir ondan ibarətdir ki, regional problemlər region ölkələri tərəfindən həll edilməlidir və kənar güc mərkəzlərinin müdaxiləsinə ehtiyac yoxdur”, - deyə erməni ekspert bildirib.
Xaçatryan vurğulayıb ki, Türkiyə üçün “3+3” formatı təsir zonalarının bölüşdürülməsi üçün əlverişli platformadır.
“Türkiyə üçün bu format elə bir müstəvidir ki, burada Ankara, Moskva və Tehran öz təsir zonalarını paylaşa, ilk növbədə Vaşinqtonu, eyni zamanda Brüsseli regiondan uzaq saxlaya bilərlər. Moskva üçün isə Ankara bütün fikir ayrılıqlarına baxmayaraq rahat tərəfdaş olaraq qalır və bir çox məsələlərdə Qərbin regiona daxil olmasının qarşısını almağa kömək edir”, - deyə o qeyd edib.
Erməni ekspert hesab edir ki, son fəallıq həm də İranın mümkün güclənməsinə qarşı qabaqlayıcı addımdır.
“Məncə, bu fəallıq İranın müstəqil oyunçu kimi daha da güclənməsinin qarşısını almağa yönəlmiş addımdır. Vaşinqton və Tehran arasında mümkün taktiki yaxınlaşma, həmçinin İranın siyasi və iqtisadi baxımdan güclənməsi regiondakı qüvvələr balansını kökündən dəyişə bilər. Sanksiyalardan azad olunmuş İran enerji və logistika marşrutlarına nəzarət uğrunda Türkiyənin birbaşa rəqibinə çevrilər”, - deyə Xaçatryan bildirib.
Onun sözlərinə görə, İranın güclənməsi Moskva üçün də müəyyən risklər yaradır.
“Rusiya üçün də İranla Qərb arasında hər hansı yaxınlaşma risklidir. Tehran Avropa üçün alternativ enerji təchizatçısına çevrilə bilər. Buna görə də Moskva və Ankara qlobal dəyişikliklər oyun qaydalarını dəyişməmişdən əvvəl öz təsir zonalarını möhkəmləndirməyə çalışırlar”, - deyə erməni ekspert vurğulayıb.
Xaçatryan Ermənistan hakimiyyətinin xarici siyasətini də tənqid edib.
“Bu vəziyyət Ermənistan üçün həyati əhəmiyyət daşıyan nəticələr çıxarmağı tələb edir. Təəssüf ki, hazırkı hakimiyyətin xarici siyasətində aydın strategiya və uzunmüddətli baxış yoxdur. Ermənistan bu gün iri oyunçuların sərt mübarizəsini kənardan izləyən passiv iştirakçıya çevrilib və yalnız situativ uyğunlaşma yolu ilə hərəkət etməyə çalışır. Bu isə erməni xalqını dəfələrlə taleyüklü vəziyyətlərlə üz-üzə qoyur”, - deyə o bildirib.
Erməni ekspert daha sonra Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının Zəngəzurla bağlı son açıqlamalarına da toxunub.
Xaçatryanın fikrincə, Baxçalının Turan dəhlizi barədə səsləndirdiyi fikirlər və eyni zamanda Qərbi Azərbaycan mövzusunun gündəmdə saxlanılması təsadüfi deyil.
“Hər iki bəyanat həm məzmununa, həm də Ankara ilə Bakının yüksək səviyyədə koordinasiya olunmuş fəaliyyətini əks etdirməsinə görə diqqət çəkir. Türkiyə regionda yalnız siyasi və iqtisadi maraqlarını deyil, həm də daha geniş türkçülük strateji baxışını irəli aparır. Turan dəhlizi anlayışı da məhz bu ideoloji layihənin təzahürüdür”, - deyə erməni ekspert qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan da paralel olaraq Qərbi azərbaycanlıların qayıdışı gündəmini irəli sürməklə bu siyasəti tamamlayır.
“Azərbaycan müxtəlif platformalarda Qərbi azərbaycanlıların qayıdışı məsələsini gündəmdə saxlayır və bununla da dəhliz mövzusuna yeni siyasi və demoqrafik təzyiq elementi əlavə edir. Ankara və Bakı bir çox strateji məsələlərdə bir-birini tamamlayan və koordinasiyalı şəkildə hərəkət edən tərəflərdir. Buna görə də dəhliz mövzusunun regionun gündəmində daim ön planda saxlanılması daha geniş geosiyasi strategiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir”, - deyə Xaçatryan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az