ABŞ HDQ ikili təyinatlı lazer sistemini sınaqdan keçirib

2026/06/1781971055.jpg
Oxunub: 182     19:54     20 İyun 2026    
ABŞ Hərbi Dəniz Qüvvələrinin Dəniz Tədqiqatları Laboratoriyası uzaq məsafələrə simsiz enerji ötürə bilən və eyni zamanda Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı müdafiə vəzifələrini yerinə yetirən ikili təyinatlı lazer sistemini uğurla sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə laboratoriyanın yaydığı məlumatda bildirilib.

Məlumata görə, yeni texnologiya hərəkətdə olan bölmələrin enerji ilə təmin olunması üsullarını köklü şəkildə dəyişdirə biləcək potensiala malikdir.

Sınaqlar ABŞ Müharibə Nazirliyinin Satınalma və Təminat İdarəsinin dəstəyi ilə həyata keçirilib. Proqramda “Boeing”, ABŞ Quru Qoşunlarının DEVCOM Quru Vasitələri Sistemləri Mərkəzi, eləcə də Dəniz Piyadaları Korpusu, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunları iştirak edib.

Sınaq zamanı qoşqu üzərində yerləşdirilmiş lazer sistemi vasitəsilə hərbi avtomobildən uzaqda quraşdırılmış xüsusi qəbuledicilərə simsiz enerji ötürülüb.

Mütəxəssislər hesab edirlər ki, gələcəkdə bu texnologiya irəli əməliyyat bazalarının dizel generatorları və yanacaq karvanlarına ehtiyac olmadan kilometrlərlə uzaqdakı enerji mənbələrindən elektrik almasına imkan verə bilər.

Enerji ötürülməsi davam etdiyi vaxt sistem eyni anda imitasiya edilmiş hava təhdidinə qarşı da yönəldilib. Lazer heç bir fasilə olmadan enerji ötürmə rejimindən PUA əleyhinə müdafiə rejiminə keçərək sonra yenidən enerji ötürməyə davam edib.

Laboratoriyanın elektrik mühəndisi Aleks Qrede bildirib ki, bu, sadəcə laboratoriya təcrübəsi deyil, real döyüş meydanında istifadə edilə biləcək imkanların nümayişidir.

Onun sözlərinə görə, uzaq məsafədən enerji ötürən lazerin eyni anda PUA təhdidlərinə qarşı istifadə oluna bilməsi hərbçilərə daha böyük çeviklik qazandıracaq.

Laboratoriya sınaqlarda sıfırdan hazırlanmış prototip deyil, hazırda Dəniz Piyadaları tərəfindən istifadə edilən istiqamətləndirilmiş enerji lazer sistemlərindən birinin tətbiq edildiyini açıqlayıb.

Sistem qar yağışı və görünmənin demək olar ki, tam məhdudlaşdığı ağır hava şəraitində də yoxlanılıb. Tədqiqatçılar bildiriblər ki, məqsəd texnologiyanın yalnız ideal deyil, real döyüş şəraitində də işləyə bildiyini sübut etməkdir.

Mütəxəssislərin fikrincə, bu texnologiyanın ilk əməliyyat istifadəçisi ABŞ Quru Qoşunları ola bilər. Sınaqlar zamanı sistemin əsas komponentlərindən birinin sahə şəraitində təmir edilməsi də nümayiş etdirilib.

Hazırda layihə konsepsiyanın təsdiqlənməsi mərhələsindədir və onun əməliyyat istifadəsinə nə vaxt keçəcəyi barədə məlumat açıqlanmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   Lazer-sistemi  


Bizi "telegram"da izləyin