Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Voskanapat” Analitik Mərkəzinin rəhbəri, erməni politoloq Hrant Melik-Şahnazaryan Ermənistan parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.
Erməni politoloq bildirib ki, seçkilərin nəticələri onun üçün gözlənilməz olmayıb və hakimiyyət aylar ərzində seçki prosesini manipulyasiya edib.
“Baş verənlər heç kim üçün sürpriz olmadı. Hakimiyyət uzun müddət ərzində seçkiləri saxtalaşdırırdı. Daha maraqlı məsələ odur ki, Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsi elan olunandan sonra müxalifətə səs vermiş insanların böyük kütləsi niyə özbaşına küçələrə çıxmadı”, - deyə Melik-Şahnazaryan qeyd edib.
Erməni ekspertin sözlərinə görə, bunun əsas səbəbi seçkilərdən əvvəl cəmiyyətdə mübarizə mühitinin formalaşdırılmaması olub.
“Seçki gününə qədər ictimaiyyət daxilində mübarizə atmosferi yaradılmamışdı. Xalq Nikol Paşinyanı rədd etdi, lakin həmin dəyişikliyə rəhbərlik edəcək siyasi qüvvə və liderlik görmədi. Mən tam əminəm ki, bu seçkilərdə insanlar müxalifətə səs verməyiblər, onlar Paşinyana qarşı səs veriblər. Cəmiyyət Nikol Paşinyanı rədd etməyə hazır idi, amma dəyişiklik prosesinə özü rəhbərlik etməyə hazır deyildi”, - deyə erməni politoloq vurğulayıb.
Hrant Melik-Şahnazaryan hesab edir ki, mövcud vəziyyətdə müxalifət və onun liderləri daha fəal addımlar atmalıdır.
“Artıq hakimiyyətin addımlarına sadəcə reaksiya vermək dövrü başa çatmalıdır. Müxalifət qərar qəbul edən və gündəm müəyyən edən tərəfə çevrilməlidir. Əks halda proseslər yenə də hakimiyyətin diktə etdiyi çərçivədə davam edəcək”, - deyə o bildirib.
Erməni politoloq xüsusilə Ermənistan cəmiyyətindəki səssizliyin onu ciddi narahat etdiyini vurğulayıb.
“Mənə xalqın bugünkü səssizliyi heç xoş gəlmir. Bu, yaxşı səssizlik deyil. Bu səssizlik daha çox fırtınaqabağı sakitliyi xatırladır. Cəmiyyətdə böyük həcmdə narazılıq yığılıb, hakimiyyətə qarşı etirazlar artır və mən ümid edirəm ki, bu mənfi enerji son nəticədə ağır fəsadlara gətirib çıxarmayacaq”, - deyə Melik-Şahnazaryan qeyd edib.
Erməni ekspert hesab edir ki, hakimiyyətin tətbiq etdiyi təzyiq və repressiyalar nəticədə cəmiyyətdə daha kəskin reaksiyalara səbəb ola bilər.
“Çox mümkündür ki, hakimiyyətin repressiv siyasəti cəmiyyətdə həmin böyük partlayışı yaratsın. Mövcud ictimai əhval-ruhiyyə, narazılığın səviyyəsi və insanların susqunluğu fonunda vəziyyətin uzun müddət dəyişmədən qalacağına inanmıram. Ya cəmiyyətdə ciddi partlayış baş verəcək, ya da xalq tamamilə ruhdan salınacaq və belə olan halda nə mübarizə aparan cəmiyyət, nə də dövlətçilik qalacaq”, - deyə o vurğulayıb.
Regional proseslərə də toxunan Hrant Melik-Şahnazaryan yaxın dövrdə ciddi dəyişikliklərin baş verəcəyini proqnozlaşdırıb.
“Regionda gedən proseslər göstərir ki, qarşıdakı dövrdə bizi ciddi dəyişikliklər gözləyir. Hazırda baş verən hadisələr yeni geosiyasi mərhələnin başlanğıcı ola bilər və Ermənistan bu proseslərə hazır olmalıdır”, - deyə erməni politoloq bildirib.
Alpər Mövludoğlu
Ordu.az