Ordu.az xəbər verir ki, bu barədə İsrailin 12-ci televiziya kanalı məlumat yayıb.
Məlumata görə, qərar Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats arasında keçirilən məsləhətləşmələrdən sonra qəbul olunub.
Bildirilir ki, müvafiq göstəriş İsrail Müdafiə Qüvvələrinə çatdırılıb. Bununla yanaşı, İsrail ordusu Livanın cənubundakı “sarı xətt” adlandırılan ərazidə mövqelərini qoruyacaq və hazırda geri çəkilmə planlaşdırılmır.
Eyni zamanda Hörmüz boğazı ətrafında vəziyyət yenidən gərginləşib. İran KİV-ləri İslam İnqilabı Keşikçiləri Korpusundakı mənbələrə istinadən strateji dəniz marşrutunun tam bağlandığını iddia ediblər.
Tehran bu addımı İsrail və ABŞ tərəfindən atəşkəs razılaşmalarının pozulması ilə izah edib və hücumların davam edəcəyi təqdirdə ümumi razılaşmanın təhlükə altına düşəcəyini bəyan edib.
ABŞ Mərkəzi Komandanlığı isə Hörmüz boğazının gəmiçilik üçün açıq qaldığını bildirib. Komandanlığın məlumatına görə, iyunun 20-də boğazdan 55 ticarət gəmisi keçib və onlar 17 milyon bareldən çox neft daşıyıblar.
ABŞ hərbi rəhbərliyi bölgədə fəaliyyətini davam etdirdiyini və razılaşmaların yerinə yetirilməsinə nəzarət etdiyini vurğulayıb.
Bu arada İran tərəfi boğazın mümkün bağlanmasını “ilk addım” adlandıraraq hücumların davam edəcəyi halda əlavə tədbirlərin görüləcəyi ilə hədələyib.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkə nümayəndə heyəti razılaşmaların icrası və növbəti danışıqların müzakirəsi üçün İsveçrəyə yola düşüb.
Livan mənbələrinin bildirdiyinə görə, gün ərzində həyata keçirilən zərbələr nəticəsində 40-dan çox insan həlak olub, 100-dən artıq şəxs yaralanıb.
Sevinc Əliyeva
Ordu.az