“Gürcüstan Avropa ilə Asiya arasında əsas logistika mərkəzinə çevrilmək niyyətindədir” - Kobaxidze

2026/06/1781966456.jpg
Oxunub: 177     18:35     20 İyun 2026    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı Tbilisinin xarici iqtisadi siyasətinin əsas prioritetlərindən biridir.

Ordu.az xəbər verir ki, bu barədə “Novosti-Qruziya” məlumat yayıb.

Baş nazirin sözlərinə görə, Gürcüstan Avropa ilə region ölkələri arasında mühüm tranzit bağlantısı kimi rolunu daha da gücləndirməyi hədəfləyir.

Tacikistana səfərinin nəticələrini dəyərləndirən Kobaxidze qeyd edib ki, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi Gürcüstana öz iqtisadi potensialını daha səmərəli şəkildə reallaşdırmağa imkan verəcək.

“Mərkəzi Asiyanın bütün ölkələri ilə əməkdaşlığımızın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu proseslər sayəsində Gürcüstan öz iqtisadi potensialının həyata keçirilməsi istiqamətində ciddi irəliləyiş əldə edə biləcək”, - deyə o bildirib.

Kobaxidze vurğulayıb ki, Qara dənizə çıxış imkanları sayəsində Gürcüstan regionun yeddi ölkəsini Avropa bazarları ilə birləşdirir və bu, ölkənin nəqliyyat-logistika potensialının inkişafı üçün əlavə imkanlar yaradır.

Onun sözlərinə görə, Tbilisinin Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksələn xətt üzrə inkişaf edir və bu, Gürcüstanın tranzit funksiyasının daha da güclənməsinə töhfə verəcək.

Baş nazir həmçinin bildirib ki, dövlət nəqliyyat infrastrukturunun inkişafına böyük vəsait ayırır. Bu çərçivədə dəmir yollarının və limanların modernləşdirilməsi, eləcə də Anakliya dərin dəniz limanının tikintisi həyata keçirilir.

Qeyd edək ki, Düşənbəyə səfər Kobaxidzenin Qırğızıstana səfərindən bir həftə sonra baş tutub. Hər iki səfər diplomatik münasibətlərin qurulmasından sonra Gürcüstan hökumət başçısının həmin ölkələrə ilk səfərləri olub.

Yaxın aylarda Kobaxidzenin Qazaxıstana səfəri gözlənilir. İyul ayında isə Tbilisidə Özbəkistan və Türkmənistan prezidentlərinin səfərləri planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Kobaxidze  


Bizi "telegram"da izləyin