Parisdə İran hakimiyyətinə qarşı keçirilən qadağan olunmuş aksiya zamanı 20-yə yaxın şəxs saxlanılıb

2024/03/1709280129.jpg
Oxunub: 182     18:38     20 İyun 2026    
Fransa polisi Parisdə İran hakimiyyətinə qarşı keçirilən etiraz aksiyası zamanı 20-yə yaxın şəxsi saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər “İranda repressiyalara və edamlara qarşı” keçirilən etiraz aksiyasında iştirak ediblər. Hakimiyyət orqanları daha əvvəl bu toplantının keçirilməsini rəsmi şəkildə qadağan etmişdi.

Aksiya Parisin mərkəzində yerləşən Voban meydanında baş tutub. Təşkilatçıların sözlərinə görə, meydana iştirakçılarla dolu bir neçə avtobus gəlib. Fransa hakimiyyəti isə ölkədaxili və beynəlxalq vəziyyətin son dərəcə gərgin olduğunu əsas gətirərək aksiyanı qadağan edib.

Qadağaya baxmayaraq, meydana yüzlərlə etirazçı toplaşıb. Polis onların dağılmasını tələb edib və daha sonra saxlanılmalara başlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, təxminən 20 nəfər nəzarətə götürülüb.

“İran Milli Müqavimət Şurası”nın nümayəndəsi Əfşin Ələvi saxlanılmaları əsassız adlandırıb. O bildirib ki, etirazçılar tərəfindən heç bir zorakılıq törədilməyib və polis sadəcə insanları dağıdaraq yeni iştirakçıların aksiyaya qoşulmasına mane olub.

Məlumata görə, “İran Milli Müqavimət Şurası” “İran Xalq Mücahidləri Təşkilatı”nın siyasi qanadıdır. İran hakimiyyəti bu qurumu terror təşkilatı hesab edir. Qrup mütəmadi olaraq Parisdə İran ətrafında yaranmış siyasi gərginlik və Yaxın Şərqdəki hadisələrlə bağlı etiraz aksiyaları keçirir.

Nümayiş iştirakçıları “Nə şah, nə mollalar” şüarı yazılmış plakatlar qaldırıblar. Təşkilatçılar həmçinin polisin bibər qazından istifadə etdiyini və nəticədə xəsarət alanların olduğunu bildiriblər.

Aksiyanın təşkilatçıları qadağanın məhkəmə qaydasında təcili ləğvinə nail olmağa çalışsalar da, Paris məhkəməsi qərarı qüvvədə saxlayıb.

Təşkilatçıların hesablamalarına görə, aksiyada 100 minədək insan iştirak edə bilərdi. Tədbirin əsas məqsədi Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İranda həyata keçirilən yeni edam dalğasına diqqət çəkmək olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paris   İran  


Bizi "telegram"da izləyin