Ermənistanda söz azadlığına zərbə: “7or.am” saytı bir aydan çoxdur fəaliyyət göstərmir

2026/04/1775888747.jpg
Oxunub: 189     18:48     20 İyun 2026    
“7or.am” xəbər-analitik saytının fəaliyyəti may ayından etibarən dayandırılmış vəziyyətdə qalır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV Assosiasiyası bəyanat yayıb.

Bəyanatda bildirilir ki, 2026-cı il mayın 22-də Ermənistan İstintaq Komitəsinin nümayəndələri və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları “Ana Ermənistan” partiyasının ofisində, Andranik Tevanyanın mənzilində, qarajında və avtomobilində axtarış aparıblar.

Axtarışlar zamanı digər əşyalarla yanaşı, “7or.am” saytının fasiləsiz fəaliyyətini təmin edən texniki avadanlıqlar da müsadirə olunub. Nəticədə saytın fəaliyyəti həmin tarixdən etibarən iflic vəziyyətinə düşüb.

Ermənistan KİV Assosiasiyası hüquq-mühafizə orqanlarının bu addımını pisləyib. Qurumun bəyanatında qeyd olunur ki, belə yanaşma demokratik cəmiyyətin əsas prinsiplərinə, söz və mətbuat azadlığına, eləcə də media qurumlarının maneəsiz fəaliyyət göstərməsi hüququna ziddir.

Assosiasiya müsadirə edilmiş texniki avadanlığın dərhal geri qaytarılmasını tələb edib. Təşkilat həmçinin gələcəkdə media qurumlarının fəaliyyətinin iflic olmasına səbəb olan bu cür təcrübələrdən imtina edilməsinə çağırıb.

Bəyanatda əlavə olunub ki, Ermənistan KİV Assosiasiyasına üzv media qurumları “7or.am” saytına texniki və peşəkar dəstək göstərməyə hazırdırlar. Məqsəd avadanlıqlar geri qaytarılanadək media məhsullarının fasiləsiz yayımını təmin etməkdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Söz-azadlığı  


Bizi "telegram"da izləyin