CNN: İran ABŞ ilə dialoqu bərpa etmək üçün Livanda atəşkəs təminatı tələb edir

2026/06/1781796311.jpg
Oxunub: 207     14:16     19 İyun 2026    
İran ABŞ ilə danışıqların bərpası üçün Livanda hərbi əməliyyatların dayandırılmasına dair təminat tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İran tərəfi imzalanmış razılaşmanın şərtlərinə uyğun olaraq Livanda hərbi əməliyyatların dayandırılması ilə bağlı təminatların verilməsini tələb edib. O bildirib ki, hazırda vasitəçilər bu məsələnin həlli istiqamətində fəaliyyət göstərirlər.

Diplomatik mənbə qeyd edib ki, planlaşdırılan danışıqlar İsrailin Livana endirdiyi zərbələrdən sonra müvəqqəti olaraq təxirə salınıb. Bununla belə, vasitəçilərin gözləntilərinə görə danışıqların nə vaxt bərpa olunacağı dəqiqləşdirilməyib.

Xatırladaq ki, bu həftənin əvvəlində ABŞ və İran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. İsrail tərəfi həmin memorandum üzrə aparılan danışıqlarda iştirak etməyib.

İsveçrənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, ABŞ və İran arasında İsveçrənin Bürgenştok şəhərində keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb və iyunun 19-da baş tutmayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Livan  


Bizi "telegram"da izləyin