“Oreşnik” raketinin dəqiqliyi 1970-ci illərə aid giroskoplarla məhdudlaşır

2026/06/Ekran-1781851216.jpg
Oxunub: 216     10:31     19 İyun 2026    
Rusiyanın “Oreşnik” orta mənzilli ballistik raketinin istehsal problemləri və vacib komponent çatışmazlığı səbəbindən ciddi dəqiqlik problemləri yaşadığı bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Dallas Analytics” analitik qrupunun araşdırmasına görə, raketin əsas zəif cəhətlərindən biri onun idarəetmə sistemində istifadə olunan GU-503 giroskopudur.

Hesabatda qeyd olunur ki, bu komponent sovet dövründən qalan köhnə texnologiya əsasında hazırlanıb və həm istehsalı, həm də texniki xidməti ciddi texnoloji məhdudiyyətlərlə üzləşir.

Analitiklərin fikrincə, giroskopun işində yaranan kiçik xətalar belə uzaq məsafələrə uçan raketin hədəfdən ciddi şəkildə yayınmasına səbəb ola bilər.

Araşdırmada bildirilir ki, bəzi “Oreşnik” raketlərinin buraxılışları zamanı raketlər nəzərdə tutulan hədəflərdən xeyli uzağa düşüb.

Dallas Analytics həmçinin GU-503 cihazının istehsalı və kalibrlənməsi ilə bağlı problemləri əks etdirən sənədlər dərc edib. Sənədlərdə raketlərə quraşdırılmazdan əvvəl giroskopların sınaqdan keçirilməsi və kalibrlənməsi üçün tələb olunan xüsusi avadanlığın itirildiyi qeyd olunur.

2025-ci il martın 18-nə aid sənəddə göstərilir ki, GU-503 cihazı yüksək sürətli atmosferə qayıdış uçuş profilinə dair tələblərə cavab vermədiyi üçün “Oreşnik” proqramında ciddi dəqiqlik problemləri yaranıb.

Məlumata görə, GU-503-ün seriyalı istehsalı uzun müddətdir dayandırılıb. Onun hazırlanması üçün istifadə edilən və 1970-ci illərin əvvəllərində yaradılmış avadanlıq texnoloji baxımdan köhnəlib, ehtiyat hissələrinin əksəriyyəti isə artıq istehsal olunmur.

Araşdırmada vurğulanır ki, istehsalçılar sıx vaxt qrafiklərinə görə bəzi keyfiyyətə nəzarət prosedurlarını keçərək raket istehsalını sürətləndirməyə çalışıblar. Mütəxəssislər hesab edirlər ki, bu amil “Oreşnik” raketlərinin Ukraynaya hücumlar zamanı hədəfi vura bilməməsinin əsas səbəblərindən biri ola bilər.

Bundan əvvəl raketin qalıqlarının araşdırılması zamanı Belarus istehsalı komponentlərin və 2017-ci ildən əvvəl istehsal olunmuş elektron hissələrin aşkarlandığı bildirilmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Oreşnik   Rusiya  


Bizi "telegram"da izləyin