Ukrayna və Fransa şirkətləri AURA aşkarlama sistemini hazırlayacaq

2026/06/Ekran-1781851273.jpg
Oxunub: 210     10:35     19 İyun 2026    
Ukraynanın “Rover Tech” və Fransanın “StrongholdAI” şirkətləri AURA aşkarlama sisteminin hazırlanması və onun TARANTULA aktiv müdafiə sisteminə inteqrasiyası barədə razılaşma imzalayıblar.

Ordu.az xəbər verir ki, layihə süni zəka ilə işləyən audio və video sensorlar kompleksinin yaradılmasını nəzərdə tutur.

Yeni sistem yaxınlıqdakı hava təhdidlərini aşkar etmək, təsnifləşdirmək və istifadəçilərə xəbərdarlıq etmək üçün hazırlanıb.

Məlumata görə, AURA sistemi fiber-optik kabellə idarə olunan pilotsuz uçuş aparatlarını da aşkarlaya bilir. Sistem nəqliyyat vasitələrinə, insansız quru platformalarına quraşdırıla və ya stasionar obyektlərin mühafizəsində istifadə oluna bilər.

Aşkarlama məsafəsinin 50 metrdən 250 metrədək olduğu bildirilir. “StrongholdAI” şirkətinin məlumatına görə, sistem artıq mərhələli şəkildə Ukraynadakı döyüş bölmələrində istifadəyə verilib.

Təhdid aşkar edildikdən sonra TARANTULA sistemi hədəfə doğru 6x6 metr ölçülü tor atır. Torun buraxılış qurğusu çoxistiqamətli minaatan borularından ibarət xüsusi modul üzərində yerləşdirilib.

Sərgidə nümayiş etdirilən “Zmiy Droid” 12.7 zirehli zərbə tipli insansız quru platforması da TARANTULA sistemi ilə təchiz olunub.

Platforma piyadaların atəş dəstəyi, müdafiə və hücum əməliyyatları üçün nəzərdə tutulub. Maksimal hədəf məhv etmə məsafəsi 1 kilometr, yedəyəalma qabiliyyəti 700 kiloqram, fəaliyyət radiusu isə 50 kilometrdir.

“Zmiy Droid” 12.7 platforması 12,7 mm çaplı M2 “Browning” pulemyotunun quraşdırılması üçün uyğunlaşdırılıb. Sistem bir neçə rabitə kanalını dəstəkləyir və silahların uzaqdan tam idarə olunmasına imkan verir.

Platformanın üzərində hədəfin aşkarlanması, müşahidəsi və izlənilməsi üçün süni zəka sistemləri, eləcə də atəş dəqiqliyini artıran inteqrasiya edilmiş ballistik kompüter quraşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Fransa   AURA  


Bizi "telegram"da izləyin