Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Təbrik əvəzinə Rusiyadan etiraz notası: Moskvanın “seçki səssizliyi” nəyi xəbər verir?” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edir ki, təbrik əvəzinə Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətinə Gümrüdə İkinci Dünya müharibəsi qəhrəmanlarına həsr olunmuş “Ana Ermənistan” memorial kompleksində baş vermiş vandalizm hadisəsi ilə bağlı etiraz notası göndərib. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“İyunun 10-da naməlum şəxslər abidədən qəhrəman şəhərlərin adlarının həkk olunduğu qızıl örtüklü hərfləri qoparıblar. Rusiya tərəfi hadisəni “ümumi tarixi yaddaşa qarşı məqsədli hücum” kimi qiymətləndirərək Ermənistan hakimiyyətindən insidentə aydın siyasi qiymət verməyi və təqsirkarları məsuliyyətə cəlb etməyi tələb edib. Hüquq-mühafizə orqanları artıq şübhəli şəxsi saxlayıb”, - deyə məqalədə bildirilir.
Nəşr daha sonra seçkilər mövzusuna qayıdaraq vurğulayır ki, Rusiya rəhbərliyi adətən siyasi münasibətlərin səviyyəsini əks etdirən formalaşmış diplomatik ənənələrə uyğun davranır.
“Moskva müttəfiq və ya strateji tərəfdaş hesab etdiyi ölkələrdə keçirilən seçkilərdən sonra təbrikləri, bir qayda olaraq, Mərkəzi Seçki Komissiyalarının ilkin rəsmi nəticələri açıqlanandan dərhal sonra göndərir. Lakin ikitərəfli münasibətlərdə gərginlik olduğu hallarda təbrik prosesi gecikdirilir. Belə vəziyyətlərdə Kreml çox vaxt gözləmə mövqeyi tutur, yekun hüquqi nəticələrin, şikayət prosedurlarının və hətta andiçmə mərasimlərinin tamamlanmasını gözləyir. Bu isə münasibətlərin soyumasını və ya yenidən qiymətləndirilməsini göstərən diplomatik jest kimi qəbul olunur”, - deyə nəşr yazır.
Məqalədə xatırladılır ki, iyunun 12-də Rusiyanın Ermənistandakı səfirliyində keçirilən qəbul zamanı məsləhətləşmələr üçün Moskvaya səfər etmiş və sonradan geri qayıtmış Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan-Rusiya münasibətlərinin hazırkı mərhələsinə toxunub.
“Görünür ki, münasibətlərimiz yenidən dəyərləndirmə və dəyişən qlobal, eləcə də regional reallıqlara uyğunlaşma mərhələsinə daxil olub. Moskva mövcud ikitərəfli mexanizmlərə əsaslanaraq belə birgə işi konstruktiv və qarşılıqlı faydalı şəkildə həyata keçirməyə tam hazırdır”, - deyə səfir bildirib.
Nəşrin fikrincə, Kopırkinin bəhs etdiyi “yenidən dəyərləndirmə” ilk növbədə Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında seçim məsələsi ilə bağlıdır. Məqalədə vurğulanır ki, rusiyalı yüksək vəzifəli şəxslər son dövrlərdə İrəvan qarşısında bu seçimi daha sərt şəkildə gündəmə gətirirlər.
“Buna baxmayaraq, Ermənistan hakimiyyəti hələ də belə bir seçimin vaxtından əvvəl müzakirə olunduğunu hesab edir. Nikol Paşinyan isə yaxın vaxtlarda Avrasiya İqtisadi Birliyinin problemləri ilə məşğul olacağını bildirib. O, jurnalistlərlə söhbətində Avrasiya İqtisadi Birliyinin hökumətlərarası komissiyasının iclasında iştirak edəcəyini və mövcud problemlərin həlli istiqamətində iş aparacaqlarını deyib”, - deyə nəşr qeyd edir.
Məqalədə bildirilir ki, Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının növbəti iclası 2026-cı il avqustun 6-7-si tarixlərində Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək. Nəşrin qənaətinə görə, Ermənistan hakimiyyəti həm məhsulların ixracına qoyulan məhdudiyyətləri, həm də siyasi problemləri Rusiya ilə dialoq yolu ilə həll etməyə çalışır.
“Moskva açıq şəkildə siyasi fasiləni qoruyur və iqtisadi məhdudiyyətlərlə yanaşı, təbrikin gecikdirilməsi vasitəsilə də hakimiyyətə təzyiq göstərməyə çalışır. Hazırda əsas intriqa “Vətəndaş Müqaviləsi” partiyasına ünvanlanacaq Rusiya təbrikinin hələ də səsləndirilməməsidir. Çox güman ki, Rusiya tərəfi Konstitusiya Məhkəməsi də daxil olmaqla bütün hüquqi prosedurların tamamlanmasını gözləyir və yalnız bundan sonra təbrik mesajı göndərə bilər”, - deyə nəşr vurğulayır.
Məqalə müəllifinin fikrincə, Moskvanın heç bir mərhələdə təbrikdən tamamilə imtina etməsi ehtimalı azdır, lakin Kreml bunu öz siyasi mövqeyini mümkün qədər aydın nümayiş etdirəcəyi zamanda etməyə çalışacaq.
“Eyni zamanda Moskvanın Ermənistan-Rusiya münasibətlərinin kəskin şəkildə pisləşməsində maraqlı olmadığı da görünür. Bunu Sergey Kopırkinin açıqlamaları da təsdiqləyir. Buna görə də mövcud səssizlik münasibətlərin qırılmasının xəbərçisi kimi deyil, Kremlin İrəvanın gələcək geosiyasi niyyətlərini dəqiqləşdirmək üçün istifadə etdiyi siyasi təzyiq və siqnal ötürmə aləti kimi qiymətləndirilə bilər. Yaxın həftələr və Avrasiya İqtisadi Birliyi çərçivəsində planlaşdırılan görüşlər Ermənistan-Rusiya münasibətlərinin gələcək arxitekturası baxımından həlledici əhəmiyyət daşıya bilər”, - deyə nəşr yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az