Hindistan “Sea King Mk.42B” helikopterlərini istismardan çıxarıb

2026/06/Ekran-1781801470.jpg
Oxunub: 201     20:47     18 İyun 2026    
Hindistan Hərbi Dəniz Qüvvələri 55 ildən artıq xidmətdən sonra “Sea King Mk.42B” helikopterlərini istismardan çıxarıb və INAS 330 “Harpoons” aviasiya eskadrilyasını ləğv edib.

Ordu.az xəbər verir ki, bu barədə RNA nəşri məlumat yayıb.

Məlumata görə, “Sea King” helikopterlərinin yerini əsasən ABŞ istehsalı olan “Sikorsky MH-60R Seahawk” çoxməqsədli dəniz helikopterləri tutacaq. Hindistan 2020-ci ildə 24 ədəd MH-60R helikopterinin alınmasını nəzərdə tutan 2,4 milyard dollarlıq müqaviləni təsdiqləyib.

“Sea King Mk.42B” helikopterlərinin gələcəkdə tam əvəzlənməsi isə Hindistanın yerli IMRH çoxməqsədli helikopter proqramı çərçivəsində həyata keçiriləcək. Layihə Banqalorda yerləşən HAL şirkəti tərəfindən hazırlanır. Onun göyərtə əsaslı versiyası DBMRH adlanacaq.

“Mk.42B” versiyası Böyük Britaniyanın “GKN Westland” şirkəti tərəfindən Hindistan Hərbi Dəniz Qüvvələrinin tələblərinə uyğun şəkildə hazırlanmışdı və Hind okeanı regionunda ölkənin dəniz imkanlarının gücləndirilməsində mühüm rol oynayıb.

“Sea King” ailəsinə daxil olan “Mk.42B” və “Mk.42C” helikopterləri 1971-1986-cı illərdə Hindistan Hərbi Dəniz Qüvvələrinin arsenalına daxil edilib. Onlar əsasən sualtı qayıqlara qarşı mübarizə və dəniz aviasiyası imkanlarının artırılması məqsədilə alınıb.

Lakin zaman keçdikcə daha səssiz sualtı qayıqların və müasir gəmi əleyhinə silahların meydana çıxması “Sea King” helikopterlərinin köhnəlmiş sensor sistemlərinin effektivliyini azaldıb. Uzunmüddətli istismar nəticəsində yaranan texniki köhnəlmə və ehtiyat hissələrinin çatışmazlığı da onların istifadəsini çətinləşdirib.

“Sea King Mk.42B” helikopterləri müstəsna iqtisadi zonanın müşahidəsi, donanma kəşfiyyatı, axtarış-xilasetmə əməliyyatları, dəniz məkanına nəzarət və aviadaşıyıcı əsaslı müşahidə tapşırıqlarında istifadə olunurdu.

“Sea King Mk.42” helikopterləri 1971-ci il Hindistan-Pakistan müharibəsində də fəal iştirak edərək genişmiqyaslı sualtı qayıqlara qarşı patrul uçuşları həyata keçirmişdi.

Xidmətdə qalan 17 “Mk.42B” helikopterindən dördü sonar sistemləri və digər xüsusi avadanlıqlar sökülərək yardımçı və dəstək vəzifələrinə uyğunlaşdırılıb. Üç helikopter isə elmi-tədqiqat və sınaq işləri üçün saxlanılacaq.

Qalan helikopterlərdən ehtiyat hissələri mənbəyi kimi istifadə ediləcək. Bu hissələr INAS 350 “Saaras” eskadrilyasının tərkibində xidmətdə qalan altı “Sea King Mk.42C” helikopterinin fəaliyyətini dəstəkləyəcək.

“Sea King Mk.42B” helikopterlərinin istismardan çıxarılması və INAS 330 eskadrilyasının ləğvi Hindistan Hərbi Dəniz Qüvvələrinin genişmiqyaslı modernləşmə proqramının tərkib hissəsi hesab olunur. Bu addım müasir dəniz döyüş mühitində və yeni nəsil sualtı təhdidlərə qarşı daha effektiv platformalara keçidi əks etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Sea-King  


Bizi "telegram"da izləyin