İsveç Ukraynanın MAUL tibbi təxliyə platformalarını istehsal edəcək

2026/06/Ekran-1781802118.jpg
Oxunub: 174     21:00     18 İyun 2026    
Ukraynanın “Aidrones” şirkəti və İsveçin “Njord Technology” şirkəti İsveçdə MAUL yerüstü robot platformalarının istehsalına başlamaq barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Şirkətlər arasında ilk əlaqələr 2025-ci ildə qurulub. “Njord Technology” şirkəti avtonom sistemlər, kvadrosikllər və qar motosikletlərinin hazırlanması üzrə ixtisaslaşıb.

Aidrones şirkətinin baş direktoru Konstantin Quşça bildirib ki, gələcək istehsal müəssisəsinin yeri artıq müəyyənləşdirilib. Onun sözlərinə görə, zavod Rusiyanın kamikadze tipli “Shahed” pilotsuz uçuş aparatlarının çatma imkanlarından kənarda yerləşəcək.

İstehsal ediləcək sistemlərin böyük hissəsinin Ukraynaya göndərilməsi planlaşdırılır. Bu platformalar Ukrayna Müdafiə Qüvvələrinin insansız tibbi təxliyə vasitələrinə olan tələbatının ödənilməsinə xidmət edəcək.

MAUL layihəsi Ukrayna Silahlı Qüvvələrinin 1-ci Tibb Taborunun müraciətindən sonra yaradılıb. Məqsəd ağır döyüş şəraitində yaralıların təxliyəsi üçün mobil platforma hazırlamaq olub.

Sistem zirehli kapsulla təchiz edilib. Onun şassisi yüksək dözümlülük və sağqalma qabiliyyəti üçün hazırlanıb və ciddi mexaniki yüklərə tab gətirə bilir.

Platformanın asfalt yollarda hərəkət məsafəsi 110 kilometrə, yolsuzluq şəraitində isə 100 kilometrə qədərdir. Maksimal sürəti yolda saatda 50 kilometr, çətin ərazilərdə isə saatda 40 kilometr təşkil edir.

Sistemin taktiki fəaliyyət radiusu 50 kilometrə qədərdir. Daxili sistemlər 48 saata qədər avtonom işləyə bilir, fasiləsiz hərəkət müddəti isə 5 saata çatır. MAUL A-95 markalı benzinlə işləyən daxiliyanma mühərriki ilə təchiz olunub. Yanacaq çəninin tutumu 15 litrdir.

Rabitə üçün optik lif xətləri, aşağı orbitli peyk sistemləri əsasında peyk rabitəsi, LTE və Wi-Fi texnologiyalarından istifadə edilə bilər. Bundan əlavə, DTC, “Silvus”, “Himera” və digər sistemlərlə inteqrasiya imkanı da mövcuddur.

Ətraf mühitin müşahidəsi 1280x720 piksel təsvir ölçüsünə malik gündüz və gecə müşahidə kanalları ilə təchiz edilmiş optik-elektron sistem vasitəsilə həyata keçirilir. Platformanın ümumi çəkisi 620 kiloqram, faydalı yük götürmə qabiliyyəti isə 200 kiloqramdır. Sistemin idarə olunması üçün iki nəfərlik heyət kifayət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Ukrayna   MAUL  


Bizi "telegram"da izləyin