Ordu.az xəbər verir ki, bunu erməni siyasi analitik Stepan Danielyan sosial şəbəkə hesabında yazıb.
Danielyanın sözlərinə görə, Nikol Paşinyan seçkilərdə əldə etdiyi “qələbə”nin hansı ağır qiymət hesabına başa gəldiyini hamıdan yaxşı bilir.
O bildirib ki, Ermənistan xarici təsirlərin kəsişdiyi məkanda yerləşir və bu cür ərazilərdə müəyyən oyun qaydaları mövcuddur. Danielyanın sözlərinə görə, həmin qaydalardan biri seçkilərin ədalətli keçirilməsi və xalqın öz taleyini sərbəst şəkildə müəyyən etməsinə imkan yaradılmasıdır.
“Rusiya Prezidenti Vladimir Putin Ermənistan xalqının istənilən seçiminə hörmət edəcəyini bəyan etməklə bu mövqeni açıq şəkildə ifadə edib. Həmin mesaj ilk növbədə Qərbə, daha sonra isə erməni cəmiyyətinə ünvanlanmışdı.
Paşinyan bu qaydaları pozub və təsadüfi deyil ki, Ermənistanda Qərbyönlü qüvvələr də seçkilərin nəticələrini mübahisələndirirlər. Paşinyan müxtəlif siyasi mərkəzlər tərəfindən rədd edilir və onun son davranışlarının əsas səbəbi də məhz budur.
Paşinyan öz addımlarına haqq qazandırmağa çalışaraq ölkədə “Rusiya casus şəbəkəsi”nin fəaliyyət göstərdiyini iddia edir və bununla seçki prosesində atdığı addımları əsaslandırmağa cəhd göstərir”, - deyə o bildirib.
Danielyan qeyd edib ki, Paşinyan bununla oyun qaydalarını ilk pozan tərəfin özü olmadığını göstərmək istəyir, lakin onun fikrincə, bu arqumentlər gözlənilən nəticəni vermir.
Alpər Mövludoğlu
Ordu.az