Ekvadorda iri cinayətkar qruplaşma rəhbəri hava limanı yaxınlığında öldürülüb

2026/06/1781792633.jpg
Oxunub: 218     18:24     18 İyun 2026    
Ekvadorun ən böyük şəhəri olan Quayakildə ölkənin ən təhlükəli cinayətkar qruplaşmalarından birinin ehtimal olunan rəhbəri silahlı hücum nəticəsində öldürülüb.

Ordu.az xəbər verir ki, hadisə şəhərin hava limanının gəliş terminalının çıxışında baş verib.

Polisin məlumatına görə, öldürülən şəxs 39 yaşlı Karlos Alberto Suasteqi Vilyanueva olub. Hüquq-mühafizə orqanları onu Quayakilin şərqində yerləşən El Triunfo rayonunda fəaliyyət göstərən “Los Águilas” dəstəsinin rəhbəri hesab edirdi.

Yayılan görüntülərdə iki gəncin yumşaq oyuncaqlar və güllərlə terminal yaxınlığında gözlədiyi görünür. Kişi binadan çıxan zaman onlardan biri yaxınlaşaraq oyuncağın arxasında gizlətdiyi tapança ilə atəş açıb.

Daha sonra ikinci hücumçu da atəş açıb və hər iki şəxs hadisə yerindən qaçmağa çalışıb. Polis hücumda iştirak etməkdə şübhəli bilinən iki yeniyetməni saxlayıb. Atışma zamanı təsadüfi bir mülki şəxs də yaralanıb.

Hadisə şəhər sakinləri arasında ciddi narahatlıq yaradıb. Yerli media ilk atəş səslərindən sonra sərnişinlərin və hava limanı əməkdaşlarının təşviş içində müxtəlif istiqamətlərə qaçdığını bildirib.

Kriminalistlərin və polis əməkdaşlarının işləməsi səbəbindən hava limanının gəliş zonası iki saatdan artıq bağlı qalıb.

Xatırladaq ki, Ekvador Prezidenti Daniel Noboa 2024-cü ildə “Los Águilas” qruplaşmasını terror təşkilatı elan etmişdi. Hakimiyyət orqanları dəstəni narkotik qaçaqmalçılığı, hədə-qorxu yolu ilə pul tələb etmə və digər ağır cinayətlərdə ittiham edir.

Hücum prezident Nobuanın ölkənin on əyalətində, o cümlədən Quayas əyalətində yeni fövqəladə vəziyyət rejimi tətbiq etməsindən cəmi bir gün sonra baş verib.

Fövqəladə vəziyyət təhlükəsizlik qüvvələrinin səlahiyyətlərini genişləndirərək əsaslı şübhə yarandıqda məhkəmə qərarı olmadan axtarış aparılmasına imkan verir.

Buna baxmayaraq, ölkədə zorakılıq səviyyəsi artmaqda davam edir. Rəsmi məlumatlara görə, 2025-ci ildə Ekvadorda qətl hadisələrinin sayı rekord həddə çatıb.

Kolumbiya və Peru kimi dünyanın ən böyük koka istehsalçılarının arasında yerləşən Ekvador son illərdə ABŞ və Avropaya kokain qaçaqmalçılığı üçün əsas marşrutlardan birinə çevrilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ekvador   Cinayətkar-qruplaşma  


Bizi "telegram"da izləyin