AİHM Ermənistandan həddindən artıq uzun sürən məhkəmə prosesləri probleminin həlli üçün effektiv mexanizm yaratmağı tələb edib

2026/06/1781792211.jpg
Oxunub: 209     18:11     18 İyun 2026    
Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistana qarşı təqdim edilmiş iki şikayət üzrə mühüm qərar qəbul edərək ərizəçilərin hüquqlarının həddindən artıq uzun sürən məhkəmə araşdırmaları nəticəsində pozulduğunu müəyyən edib.

Ordu.az xəbər verir ki, bu barədə Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, iş təkcə konkret şəxslərin hüquqlarının müdafiəsinə deyil, həm də Ermənistanın məhkəmə sistemində mövcud olan sistemli problemlərə, yəni işlərin əsassız şəkildə uzadılmasına və buna qarşı effektiv hüquqi müdafiə vasitələrinin olmamasına aiddir.

Ərizəçilər uzun illər ərzində mülki və inzibati məhkəmə proseslərində iştirak etsələr də, ağlabatan müddət ərzində yekun məhkəmə qərarı əldə edə bilməyiblər. Qazaryan ailəsi Avropa Məhkəməsinə müraciət edərək Ermənistan məhkəmələrində işlərinin təxminən səkkiz il davam etməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən ağlabatan müddətdə məhkəmə araşdırması hüququnu pozduğunu bildirib.

Ərizəçilər həmçinin qeyd ediblər ki, bu pozuntulara qarşı şikayət vermək və adekvat kompensasiya almaq üçün Ermənistan qanunvericiliyi effektiv daxili hüquqi vasitələr təqdim etmir.

Məhkəmədə ərizəçiləri Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin rəhbəri Siranuş Sahakyan və vəkil Karen Meliksetyan təmsil ediblər. Təqdim olunan arqumentlərdə uzun sürən məhkəmə prosesləri nəticəsində yaranmış problemlərin illərdir effektiv həllini tapmadığı, dövlət tərəfindən görülən tədbirlərin isə formal xarakter daşıdığı vurğulanıb.

Məhkəmənin diqqətinə çatdırılıb ki, uzun sürən məhkəmə araşdırmaları Ermənistanda sistemli xarakter daşıyır. Həmçinin bəzi hallarda sistemdə aparılan dəyişikliklərin parçalı xarakter daşıdığı, intizam məsuliyyətinin seçici qaydada tətbiq edildiyi və problemin hələ də həll olunmadığı bildirilib.

Avropa İnsan Hüquqları Məhkəməsi yekunda məhkəmə proseslərinin müddətinin açıq şəkildə “ağlabatan müddət” tələbini aşdığı qənaətinə gəlib. Məhkəmə həmçinin Ermənistan qanunvericiliyində nəzərdə tutulan kompensasiya mexanizminin effektiv işləmədiyini müəyyən edib.

Qərarın xüsusi əhəmiyyət daşıyan məqamlarından biri də ondan ibarətdir ki, Avropa Məhkəməsi ilk dəfə olaraq Ermənistanla bağlı qərarında yalnız pozuntuları müəyyən etməklə kifayətlənməyib, həm də Konvensiyanın 46-cı maddəsinə istinad edərək problemin sistemli həlli üçün dövlətin hansı addımları atmalı olduğunu konkret şəkildə göstərib.

Məhkəmə Ermənistan hakimiyyətini prioritet qaydada həddindən artıq uzun sürən məhkəmə prosesləri ilə bağlı şikayətlərin araşdırılması üçün xüsusi və effektiv kompensasiya mexanizmi yaratmağa çağırıb. Bildirilib ki, bu mexanizm Avropa Məhkəməsinin müəyyən etdiyi standartlara uyğun olmalıdır.

Qərarda vurğulanıb ki, yaradılacaq mexanizm təkcə gələcək pozuntulara deyil, həm də əvvəllər baş vermiş və hələ kompensasiya olunmamış pozuntulara şamil edilməli, həm davam edən, həm də artıq başa çatmış işlər üzrə effektiv kompensasiya verilməsinə imkan yaratmalıdır.

Qeyd olunub ki, bu qərar təkcə konkret ərizəçilərin hüquqlarının bərpası baxımından deyil, həm də Ermənistanın məhkəmə sistemində illərdir mövcud olan sistemli problemin aradan qaldırılması istiqamətində mühüm addım hesab olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AİHM   Ermənistan  


Bizi "telegram"da izləyin