ABŞ yeni nəsil HIMARS FLEX raket sistemini təqdim edib

2026/06/1781791110.jpg
Oxunub: 324     17:51     18 İyun 2026    
ABŞ-nin müdafiə sənayesi şirkəti “Lockheed Martin” HIMARS FLEX adlandırılan yeni M142 yüksək mobillikli artilleriya raket sistemini təqdim edib.

Ordu.az xəbər verir ki, HIMARS platformasının modul inkişaf variantı kimi hazırlanan yeni sistem standart tək buraxılış qurğulu HIMARS-la müqayisədə iki dəfə çox sursat daşımağa imkan verən ikili buraxılış qurğusu konfiqurasiyası ilə diqqət çəkir.

Yeni sistem eyni platformadan PAC-3 daxil olmaqla hava və raketdən müdafiə raketlərinin buraxılmasına imkan yaradır. Bundan əlavə, şirkətin “FLEXFires” adlandırdığı texnologiya ekosistemi sayəsində platformaya isteğe bağlı avtonom əməliyyat imkanları da əlavə olunub. Bütün bunlarla yanaşı, sistem C-130 nəqliyyat təyyarələri ilə daşına bilmək və NATO sursatları ilə tam uyğunluq xüsusiyyətlərini qoruyub saxlayır.

Standart HIMARS sistemi adətən altı ədəd GPS idarəetməli GMLRS raketi və ya 300 kilometrdən artıq mənzilə malik bir ədəd ATACMS ballistik raketi daşıyan tək buraxılış qurğusuna malikdir. Təxminən 70 kilometr mənzildə yüksək dəqiqliklə hədəfi vurmağa qadir olan GMLRS raketləri ilə yanaşı, 400 kilometrdən artıq mənzilə malik “PrSM” raketi də HIMARS üçün uyğun sursatlar sırasındadır.

“Lockheed Martin” bu günədək 750 HIMARS sistemi təhvil verdiyini və onların 540-dan çoxunun ABŞ və müttəfiq ölkələrin silahlanmasında aktiv istifadə edildiyini bildirib. Bu da HIMARS FLEX üçün hazır müştəri bazasının formalaşdığını göstərir.

Yeni sistemin ən mühüm yeniliklərindən biri ikili buraxılış qurğusudur. Bu xüsusiyyət standart HIMARS-ın əsas çatışmazlıqlarından hesab olunan, sursat sərf edildikdən sonra yenidən yüklənmək üçün geri çəkilmə ehtiyacını azaltmağa yönəlib.

İki buraxılış qurğusuna malik platforma bir tapşırıq zamanı iki dəfə çox hədəfə nişanalma həyata keçirə, daha uzun müddət atəş dəstəyi göstərə və müxtəlif sursat növlərini eyni vaxtda daşıya bilir. Məsələn, bir buraxılış qurğusunda hücum məqsədli raketlər, digərində isə müdafiə məqsədli raketlər yerləşdirilə bilər.

Bu imkan sayəsində HIMARS FLEX PAC-3 və IFPC sursatları ilə hava və raketdən müdafiə tapşırıqlarını da yerinə yetirə biləcək. Beləliklə, sistem həm uzaqmənzilli quru hədəflərinə zərbə endirə, həm də yaxınlaşan raket və hava təhdidlərinə qarşı müdafiə təmin edə bilən çoxməqsədli platformaya çevrilir.

Şirkətin açıqladığı məlumata görə, sistem GMLRS, ER GMLRS, PrSM və ATACMS daxil olmaqla NATO ölkələrinin istifadə etdiyi bütün HIMARS və MLRS sursatları ilə uyğunluq nümayiş etdirir. Bundan əlavə, PAC-3 MSE və IFPC raketləri də sistemə inteqrasiya olunub.

Patriot ailəsinin ən qabaqcıl raketlərindən hesab edilən PAC-3 MSE ballistik raketləri, qanadlı raketləri və hava hədəflərini birbaşa toqquşma üsulu ilə məhv edə bilir. Bu raketin HIMARS ölçülərində, təkərli və yüksək mobilliyə malik platformaya inteqrasiya olunması müttəfiq ölkələr üçün yeni hava müdafiə imkanları yarada bilər.

Şirkətin nümayəndələri bildiriblər ki, “FLEXFires” texnologiya paketi miqyaslana bilən və avtonom imkanların əlavə olunmasına şərait yaradan həllər təqdim edir. Bu xüsusiyyətlər gələcəkdə hücum və müdafiə təyinatlı atəş dəstəyi sistemlərinin inkişafında mühüm rol oynaya bilər.

HIMARS FLEX-in “Eurosatory 2026” sərgisində təqdim olunması da diqqət çəkib. Hazırda Avropadakı NATO ölkələri yeni yüksək dəqiqlikli artilleriya sistemlərinin alınması ilə bağlı iri proqramlar həyata keçirirlər. Bir çox ölkələr HIMARS, Cənubi Koreyanın “Chunmoo” sistemi və İsrailin PULS sistemi arasında seçim edir.

Mütəxəssislər hesab edirlər ki, daha yüksək atəş gücü, hava müdafiə imkanları və avtonom əməliyyat xüsusiyyətləri ilə təchiz olunmuş HIMARS FLEX-in təqdimatı Avropada davam edən satınalma proqramlarına təsir göstərə bilər.

Şirkət vurğulayıb ki, modul yanaşma sayəsində istifadəçilər əvvəlcə tək buraxılış qurğulu versiyanı əldə edə, sonradan isə ehtiyac və büdcəyə uyğun olaraq ikili buraxılış qurğusu və avtonom imkanlar əlavə edə bilərlər.

“Lockheed Martin” HIMARS FLEX-i mövcud sistemləri əvəz edən platforma kimi deyil, HIMARS ailəsinin yeni və daha çevik inkişaf mərhələsi kimi təqdim edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HIMARS   FLEX  


Bizi "telegram"da izləyin