Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.
Nəşr qeyd edir ki, tərəflər gərginliyin azaldılmasına dair siyasi siqnal versələr də, razılaşmanın tam mətni hələ açıqlanmayıb.
Qəzetin məlumatına görə, hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatlardan sonra bir sıra əsas məsələlər hələ də həll olunmamış qalır. Bunlara Hörmüz boğazının statusu, İranın nüvə proqramının gələcəyi və Livandakı vəziyyət daxildir.
Hörmüz boğazı
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Hörmüz boğazının faktiki olaraq “açıldığını” və dəniz blokadasının aradan qaldırıldığını bildirmişdi.
Lakin “The Guardian” yazır ki, razılaşmanın şərtləri hələ də qeyri-müəyyəndir. Tehran gəmiçiliyə dair öz şərtlərini irəli sürür, ABŞ və müttəfiqləri isə ticarət gəmilərinin tam və maneəsiz keçidini tələb edirlər.
İranın nüvə proqramı
Gərginliyin əsas səbəblərindən biri olan İranın nüvə proqramı ilə bağlı məsələ tərəflərin açıqlamalarında yalnız qismən əksini tapıb.
Mənbələrin məlumatına görə, bu istiqamətdə danışıqlar qarşıdakı 60 gün ərzində davam edə bilər.
Bununla yanaşı, Vaşinqton nüvə dosyesi üzrə razılıq əldə olunmayacağı təqdirdə hərbi əməliyyatların yenidən başlanmasını istisna etmir.
Livandakı vəziyyət
Livana dair razılaşmaların necə həyata keçiriləcəyi də qeyri-müəyyən olaraq qalır.
İran və vasitəçilərin nümayəndələri atəşkəsin bu cəbhəyə də şamil olunduğunu bildirsələr də, ABŞ bunu birbaşa təsdiqləməyib.
Bundan əlavə, İsrailin mövqeyi və “Hizbullah”a qarşı gələcək fəaliyyətlə bağlı suallar açıq qalır.
“The Guardian” vurğulayır ki, müharibənin başa çatması ilə bağlı bəyanatlara baxmayaraq, memorandumun yekun mətninin olmaması və əsas məsələlər üzrə fikir ayrılıqları regionda gərginliyin davam etməsi və yeni eskalasiya riskləri yaradır.
Sevinc Əliyeva
Ordu.az