Türkiyə təlimində çəkilən həmin kadr Afinada rezonans doğurdu

2026/06/1781523825.jpg
Oxunub: 242     15:35     15 İyun 2026    
Türkiyə Hərbi Dəniz Qüvvələrinin Egey dənizi və Şərqi Aralıq dənizi də daxil olmaqla geniş coğrafiyada keçirdiyi DENİZKURDU-II/2026 təlimi Yunanıstanda gündəm mövzusuna çevrilib.

Ordu.az xəbər verir ki, təlimin Xüsusi Müşahidəçi Günü çərçivəsində “SavunmaSanayiST.com” tərəfindən sosial şəbəkələrdə paylaşılan foto Yunanıstan və Cənubi Kipr mətbuatında geniş əks-səda doğurub.

Fotoda Şimali Kipr Türk Cümhuriyyətinin hərbi attaşesi ilə Yunanıstanın hərbi attaşesinin yan-yana oturaraq təlimi izlədiyi görünür.

Yunanıstanın “Pentapostagma” nəşri görüntüləri “Türk tələsi” adlandıraraq bunun Yunanıstan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında faktiki təmas görüntüsü yaratdığını iddia edib.

Nəşr bildirib ki, yunan zabitinin Şimali Kipr Türk Cümhuriyyətinin Təhlükəsizlik Qüvvələri Komandanlığının nümayəndəsi ilə eyni kadrda görünməsi Ankaranın Şimali Kiprin beynəlxalq görünürlüğünü artırmaq cəhdlərinin tərkib hissəsidir.

“Newsbreak” isə hadisəni “Türklər hərbi təlimdə Yunanıstanı necə alçaltdı?” başlığı ilə təqdim edib və məsələnin Afinada araşdırılmalı olduğunu yazıb.

Cənubi Kiprdə yayımlanan “Simerini” qəzetinə danışan hərbi və siyasi analitik Yiannos Xaralambides də Yunan tərəfini tənqid edib.

O bildirib ki, hər hansı yunan zabitinin eyni müşahidə nöqtəsində oturması qondarma dövlətin legitimləşdirilməsi kimi qiymətləndirilə bilər.

Analitik bunun beynəlxalq ictimaiyyət qarşısında Şimali Kiprin görünürlüğünə töhfə verdiyini və ciddi diplomatik problem yaratdığını vurğulayıb.

“VoiceNews” nəşri isə hadisəni Yunanıstan üçün ciddi diplomatik səhv adlandırıb və Türkiyənin görüntülərdən kommunikasiya məqsədilə istifadə etdiyini yazıb.

Bununla yanaşı, Yunanıstan Baş naziri Kiriakos Miçotakis və müdafiə naziri Nikos Dendiasın məsələ ilə bağlı açıqlama verməli olduğu bildirilib.

Türkiyə tərəfində isə təlimi izləyən yunan hərbi personalına qarşı həddindən artıq reaksiyanın verildiyi fikri üstünlük təşkil edir.

Təlimdə Türkiyənin milli silah sistemləri ön plana çıxıb. Tədbirdə 125 dəniz platforması, 60 hava vasitəsi və təxminən 18 min hərbçi iştirak edib.

Təlim çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıqdan buraxılan ROKETSAN istehsalı AKYA ağır torpedosu hədəf gəmini vurub.

ROKETSAN istehsalı ATMACA gəmi əleyhinə raketi “Super Sea-Skimming” uçuş profili ilə hədəfi dəqiq məhv edib.

TCG “İstanbul” freqatından MİDLAS Milli Şaquli Buraxılış Sistemi vasitəsilə buraxılan HİSAR-D RF orta mənzilli hava hücumundan müdafiə raketi də hədəf təyyarəni uğurla vurub.

Bundan əlavə, TCG “Anadolu”dan havaya qalxan “Bayraktar TB3” pilotsuz uçuş aparatı ROKETSAN MAM-L sursatı və ASELSAN radioelektron mübarizə podu ilə ASELSAN istehsalı ALBATROS insansız dəniz platformasını məhv edib.

TUSAŞ AKSUNGUR pilotsuz uçuş aparatından buraxılan ROKETSAN MAM-T sursatı da hədəfə dəqiq zərbə endirib.

Təlim zamanı ümumilikdə səkkiz raket və bir torpedo buraxılışı həyata keçirilib.

AKYA, ATMACA, MİDLAS və HİSAR-D RF kimi sistemlərin eyni təlimdə uğurla tətbiqi Türkiyə Hərbi Dəniz Qüvvələrinin milli silah və sursat sahəsində əldə etdiyi səviyyəni bir daha nümayiş etdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Təlim   Yunanıstan  


Bizi "telegram"da izləyin