Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, uğursuz cəhddən sonra İran nüvə obyektlərinin mühafizəsini daha da gücləndirib. Son həftələrdə iranlılar bəzi tunelləri qismən çökdürüb və onlara aparan girişləri minalayıblar.
Beynəlxalq ekspertlərin qiymətləndirməsinə əsasən, silah istehsalına yararlı təxminən yarım ton uran məhz həmin ərazilərdə saxlanılır. Mənbələr bildiriblər ki, bu ehtiyatlara çıxış indi əvvəlkindən daha mürəkkəb, təhlükəli və vaxt aparan prosesə çevrilib.
Qeyd olunur ki, İranın atdığı addımlar Vaşinqtonla mümkün razılaşma üçün əlavə maneələr yaradır. Həmin razılaşmaya əsasən, uran ABŞ-nin nəzarəti altında təhvil verilməli və məhv edilməlidir. ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndələrindən biri tərəflərin razılaşmaya yaxın olduğunu bildirib.
Onun sözlərinə görə, mümkün saziş çərçivəsində İran zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verməli, daha sonra isə material ölkədən çıxarılaraq məhv edilməlidir. Bununla belə, razılaşmanın konkret şərtləri hələ də müzakirə mövzusudur.
Nüvə təhlükəsizliyi üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, uranın çıxarılması və daşınması hətta iranlı mütəxəssislər üçün belə son dərəcə mürəkkəbləşib. Bunun üçün ağır texnika və minatəmizləmə işləri tələb olunur.
ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının nüvə materiallarının çıxarılması proqramının keçmiş rəhbəri Skott Röker bildirib ki, mövcud vəziyyət razılaşmanın həyata keçirilməsini çətinləşdirə bilər.
Onun sözlərinə görə, materialın bir hissəsinin beynəlxalq nəzarətdən kənarda qalması riski də mövcuddur.
Mənbələr qeyd edirlər ki, hətta saziş imzalansa belə, materialın çıxarılması, yoxlanılması və daşınmasının beynəlxalq nəzarət altında necə həyata keçiriləcəyinə dair ayrıca texniki danışıqlar mərhələsi lazım olacaq.
Sevinc Əliyeva
Ordu.az