Ordu.az xəbər verir ki, Avanesyan bu barədə iyunun 10-da jurnalistlərlə söhbəti zamanı danışıb.
Erməni nazir bildirib ki, müxalifət müəyyən mənada öz etirafını edir. Onun sözlərinə görə, seçkilərdə əsas saxtakarlıq üsulu seçici rüşvəti olub və məhz hansı qüvvələrin seçici rüşvəti payladığı, hansı siyasi qüvvələrin nümayəndələri barəsində cinayət işlərinin açıldığı məlumdur.
“Bu müxalif qüvvələrin yenidən xalqa müraciət etmək, proqramlar təqdim etmək, yeni inkişaf baxışları ortaya qoymaq əvəzinə üç üsula əl atması təəssüf doğurur: seçici rüşvəti, manipulyasiyalar və saxta tezislərin yayılması. Onlar özlərinə sərf etməyən nəticələrlə, xalqın iradəsi ilə barışa bilmirlər. Lakin 2021-ci ildə olduğu kimi, 2026-cı ildə də bununla barışacaqlar və anlayacaqlar ki, Ermənistanda artıq xalqın iradəsini təhrif etmək mümkün deyil”, - deyə Avanesyan qeyd edib.
Erməni nazir hakimiyyət tərəfindən inzibati resurslardan istifadə olunması iddialarını da təkzib edib. O bildirib ki, yalnız bir neçə fərdi hal araşdırılacaq və qanun pozuntusu aşkarlanarsa, məsul şəxslər cəzalandırılacaqlar.
Avanesyan vurğulayıb ki, hakimiyyət seçkilərin bərabər, şəffaf, azad və ədalətli keçirilməsi üçün əlindən gələni edib. Onun sözlərinə görə, cəmiyyət də bu fikirdədir və iyunun 8-də hamı Ermənistanda demokratik seçkilərin keçirildiyi anlayışı ilə oyandığını hiss edib.
Erməni nazir seçici rüşvəti ilə bağlı yayılan çoxsaylı səs yazılarına da toxunaraq qeyd edib: “Həmin yazıların saxta olduğunu heç kim iddia etməyib. Hüquq-mühafizə orqanları qanun çərçivəsində fəaliyyət göstərir və bu, hakimiyyət nümayəndələri barəsində də cinayət işlərinin açılması ilə təsdiqlənir”.
Avanesyan həmçinin xarici ölkələrdən gələn təbrik mesajlarına münasibət bildirib. Onun sözlərinə görə, seçkilərin nəticələrinin azad, ədalətli və şəffaf olduğunu qəbul edən əsas tərəf Ermənistan xalqıdır və təbriklərin davam edəcəyinə əmindir.
Sergey Lavrovun Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında dəqiq seçim etməli olduğu, eləcə də KTMT-yə üzvlük haqlarının ödənilməməsinə görə Ermənistana qarşı müəyyən tədbirlərin görülə biləcəyi barədə bəyanatına münasibət bildirən Avanesyan deyib ki, Ermənistanın mövqeyi artıq Baş nazir və xarici işlər naziri tərəfindən aydın şəkildə ifadə olunub.
Alpər Mövludoğlu
Ordu.az