Livan Prezidenti İranın ölkənin daxili işlərinə müdaxiləsini qəbuledilməz hesab edib

2026/06/1781106458.jpg
Oxunub: 186     19:43     10 İyun 2026    
Livan Prezidenti Cozef Aun İranın ölkəsinin daxili işlərinə müdaxiləsini qəbuledilməz hesab etdiyini bildirib.

Ordu.az xəbər verir ki, Aun bu barədə Tehranla İsrail arasında son gərginliyi şərh edərkən danışıb.

Onun sözlərinə görə, Livan suveren dövlətdir və İranın himayəsinə ehtiyac duymur. Prezident qeyd edib ki, Livan regionun dost ölkələrinin dəstəyini alqışlayır, lakin başqa dövlətlərin maraqları ilə diktə olunan və Livan xalqının maraqlarına uyğun gəlməyən addımları qəbuledilməz hesab edir.

Aun vurğulayıb ki, ölkə danışıqlar yolunu seçib və münaqişənin davam etdirilməsində maraqlı deyil. O, həmçinin livanlıların xarici himayədarlıq olmadan öz dövlətlərini bərpa etməyə və gücləndirməyə qadir olduqlarını bildirib.

Bundan əvvəl Aun Tehranı Livanın daxili işlərinə qarışmamağa çağıraraq ölkənin İranla ABŞ arasında aparılan danışıqlarda alətə çevrilməməli olduğunu bəyan etmişdi. İranın xarici işlər naziri Abbas Əraqçi isə bu ittihamları rədd edərək Livan üçün əsas təhlükənin hələ də İsrail olduğunu iddia edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İran   Aun  


Bizi "telegram"da izləyin