Ceyhun Bayramov və Toşimitsu Moteqi ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər - ƏLAVƏ OLUNUB

2026/06/1781091093.jpg
Oxunub: 375     15:38     10 İyun 2026    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tokioya rəsmi səfəri çərçivəsində yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşüb.

Ordu.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X"dəki rəsmi səhifəsində paylaşım edilib.

"Səfər iki ölkənin ikitərəfli münasibətləri dərinləşdirmək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirmək niyyətini nümayiş etdirir", - məlumatda qeyd olunub.

Azərbaycan XİN-in görüşlə bağlı məlumatında bildirilib ki, Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun genişləndirilməsi, iqtisadi, ticarət, investisiya, enerji, nəqliyyat, rəqəmsal transformasiya, innovasiya, təhsil, turizm, idman, iqlim dəyişmələri ilə mübarizə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazirlər 2027-ci ildə Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağını vurğulayaraq, ötən dövr ərzində qarşılıqlı hörmət, etimad və dostluq prinsiplərinə əsaslanan əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər. Bu əlamətdar yubileyin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün əlavə imkanlar yaratdığı bildirilib.

Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycan-Yaponiya Birgə İqtisadi Komissiyasının fəaliyyəti və 2025-ci ilin sentyabr ayında keçirilmiş Komissiyanın 12-ci iclasının nəticələri yüksək qiymətləndirilib. Tərəflər Azərbaycan-Yaponiya İnvestisiya Sazişinin tezliklə yekunlaşdırılmasının vacibliyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Yaponiya vətəndaşları üçün Azərbaycan tərəfindən tətbiq olunması nəzərdə tutulan vizasız rejim təşəbbüsü barədə məlumat verib. Nazirlər bunun insanlar arasında təmasların, turizm və işgüzar əlaqələrin inkişafına əlavə töhfə verəcəyini qeyd ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq nəqliyyat və logistika qovşağı kimi artan rolundan bəhs edərək, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun regional və qlobal bağlantıların gücləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. Silkway şirkətinin Yaponiya bazarında 10 ildən artıq fəal iştirakı məmnunluqla qeyd edilib. Bununla yanaşı, ölkəmizin Xəzər hövzəsində mühüm infrastruktura, 9 beynəlxalq hava limanına, ticarət limanına və ən böyük ticarət donanmasına, Ələt Azad İqtisadi Zonasına malik olduğu və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu bildirilib.

Tərəflər enerji təhlükəsizliyi sahəsində uzunmüddətli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu qeyd ediblər. Azəri-Çıraq-Günəşli yatağı və Bakı-Tbilisi-Ceyhan boru kəməri çərçivəsində mövcud uğurlu əməkdaşlıq nümunələri yüksək qiymətləndirilib.

Tələbə mübadiləsi proqramları, ölkəmizdə iki universitetdə yapon dilinin tədrisinin, mədəni və humanitae tədbirlər və beynəlxalq inkişaf layihələrinin iki xalq arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə töhfə verdiyi diqqətə çatdırılıb. Bununla yanaşı, idman sahəsində əməkdaşlıq, bu ilin oktyabr ayında Dünya Sumo Yarışının Bakıda keçirilməsi məmnunluqla qeyd edilib.

Görüş zamanı, nazir Ceyhun Bayramov qarşı tərəfə postmünaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verib.

Tərəflər həmçinin Yaxın Şərqdə və Ukraynada vəziyyət də daxil olmaqla regional və beynəlxalq təhlükəsizlik məsələləri, çoxtərəfli əməkdaşlıq, iqlim fəaliyyəti, davamlı inkişaf və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   Toşimitsu-Moteqi  


Bizi "telegram"da izləyin