Danimarkanın F-35 proqramının xərci 2,2 milyard dollar artıb

2026/06/1781090426.jpg
Oxunub: 296     19:13     10 İyun 2026    
Danimarkanın 27 ədəd F-35 döyüş təyyarəsinin tədarükü proqramının xərci ilkin planlarla müqayisədə 14 milyard Danimarka kronu (təxminən 2,2 milyard dollar) artıb.

Ordu.az xəbər verir ki, bu barədə Danimarka Hesablama Palatasının dərc etdiyi hesabatda bildirilib.

Hesabata əsasən, F-35 proqramının 30 il ərzində ümumi xərcinin 71,2 milyard Danimarka kronuna çatacağı gözlənilir. Bu məbləğə texniki xidmət, təlim, istismar və digər dəstək xərcləri daxildir.

Qeyd olunub ki, Danimarka Müdafiə Nazirliyi daha əvvəl proqramın ümumi xərcini 57,1 milyard kron olaraq açıqlasa da, auditorlar nazirliyin təxminən 10 ildir real xərclərin daha yüksək olacağını göstərən məlumatlara malik olduğunu müəyyən ediblər.

Danimarka 27 ədəd F-35 döyüş təyyarəsini 2016 və 2017-ci illərdə sifariş edib. İndiyədək 23 təyyarə təhvil verilib, qalan dörd təyyarənin isə 2026 və 2027-ci illərin ilk aylarında çatdırılması planlaşdırılır.

Rusiya-Ukrayna müharibəsindən sonra müdafiə xərclərini artıran Kopenhagen administrasiyası 2025-ci ilin oktyabrında əlavə 16 ədəd F-35 alınmasına da qərar verib.

Hesablama Palatası Müdafiə Nazirliyini proqramın ümumi xərclərinə nəzarətin zəif olması və parlamentin xərc artımları barədə yetərincə məlumatlandırılmaması səbəbindən tənqid edib.

Hesabatda vurğulanıb ki, xərc artımları yalnız F-35 proqramına deyil, digər müdafiə layihələrinə də təsir göstərə bilər. Artan xərclər səbəbindən Danimarkanın digər hərbi layihələr üçün ayıra biləcəyi vəsaitin azalacağı ehtimal edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   F-35  


Bizi "telegram"da izləyin