Ordu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, ABŞ hərbçiləri Şərq vaxtı ilə saat 17:00-da İranın hərəkətlərinə cavab olaraq hücum əməliyyatına başlayıblar. “Bu əməliyyat İranın əsassız təcavüzünə verilən proporsional cavabdır”, - deyə CENTCOM-un bəyanatında bildirilib.
“Axios” portalının ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Amerika qüvvələri İranın bir neçə hava hücumundan müdafiə sistemi və radar obyektinə zərbələr endirib.
Donald Tramp bildirib ki, İran bir gün əvvəl Hörmüz boğazı ərazisində ABŞ-yə məxsus Apache döyüş helikopterini vurub.
“Ordumuz mənə məlumat verdi ki, iranlılar ötən gecə Hörmüz boğazında patrul xidməti həyata keçirən yüksək texnologiyalı Apache helikopterlərimizdən birini vurublar. Helikopterdə olan hər iki pilot sağdır. Buna baxmayaraq, ABŞ bu hücuma cavab verməlidir”, - deyə Tramp “Truth Social” platformasında yazıb.
“ABC News” telekanalına müsahibəsində ABŞ Prezidenti İrana qarşı cavab zərbələrinin “çox güclü” olacağını bildirib.
“Biz artıq cavab veririk. Bu, onların ötən gecə helikopterimizə etdiklərinin cavabıdır və hesab edirəm ki, cavab çox güclü və təsirli olmalıdır”, - deyə Tramp vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə “X” sosial şəbəkəsində ABŞ-nin yeni hücumlarına münasibət bildirib.
“Döyüş meydanındakı uğursuzluqlarına baxmayaraq, ABŞ bizim qətiyyətimizi sınaqdan keçirmək qərarına gəlib. Güclü silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq”, - deyə o qeyd edib.
Nazir əlavə edib ki, təhlükəsizlik istəyən xarici qüvvələr regionu tərk etməlidirlər.
Daha sonra “Tasnim” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatını yayıb. Bəyanatda İranın regiondakı ABŞ obyektlərinə raket və pilotsuz uçuş aparatı hücumları həyata keçirdiyi bildirilib.
Xatırladaq ki, Apache helikopterinin qəzaya uğraması barədə ilk məlumatı anonim mənbələrə istinadən “The New York Times” qəzeti yayıb. Sonradan Tramp da hadisəni təsdiqləyib, lakin helikopterin hansı səbəbdən vurulduğu barədə ətraflı məlumat verilməyib.
İran rəsmi şəkildə helikopterin öz qüvvələri tərəfindən vurulduğunu açıqlamasa da, Abbas Əraqçi Trampın bəyanatından sonra Hörmüz boğazı və ətraf bölgələrdə yerləşən xarici qüvvələri ərazini tərk etməyə çağırıb.
“Hörmüz boğazı beynəlxalq sular deyil, İran və Oman arasında bölüşdürülən ərazidir. Ərazimizə yaxın xarici qüvvələr insan səhvləri, təsadüfi hadisələr və ya çarpaz atəş nəticəsində daimi risk altındadırlar”, - deyə İran XİN rəhbəri bildirib.
CENTCOM isə açıqlamasında qeyd edib ki, qəzaya uğrayan “Apache” helikopterinin iki pilotu Fars körfəzində xilas olunub.
Komandanlığın sözçüsü BBC-yə bildirib ki, pilotlar Bəhreyndə yerləşən “Task Force 59” bölməsinə məxsus insansız dəniz platforması vasitəsilə sudan çıxarılıb. Daha sonra onlar başqa bir helikopterlə təhlükəsiz əraziyə təxliyə ediliblər.
Sevinc Əliyeva
Ordu.az