Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, seçki siyahısının ilk 30-35 sırasında yer alan namizədlərin demək olar ki, hamısının parlamentə düşəcəyi dəqiqləşib. Bu fonda xüsusilə parlament sədrliyi uğrunda ciddi mübarizə gedir.
“Hakim partiyada hesab edirlər ki, bu vəzifəyə ən layiqli namizəd Hayk Koncoryandır. Buna görə də hazırkı parlament sədri Alen Simonyanın postunu tərk etməli olduğu düşünülür”, - deyə nəşr yazır.
Məqalədə qeyd olunur ki, parlament sədrliyi uğrunda iddialılardan biri də Ruben Rubinyandır. O, uzun müddət hakim komandanın əsas fiqurlarından biri hesab olunsa da, partiya daxilində onun namizədliyinə ehtiyatla yanaşırlar.
“Nikola Paşinyanın komandasındakı bir çox şəxslər hesab edir ki, Rubinyan kifayət qədər konfliktli xarakterə malikdir. Onların fikrincə, o, mübahisəli situasiyalarda neytrallığını qoruya bilmir və müxtəlif siyasi qüvvələrlə ünsiyyətdə zəruri korrektlik çərçivəsində qala bilmir”, - deyə məqalədə bildirilir.
Nəşr vurğulayır ki, Ermənistanın ABŞ-dəki keçmiş səfiri və sabiq parlament sədri Lilit Makuntsun namizədliyi də tamamilə gündəmdən çıxmayıb. Bununla belə, hakim partiya daxilində onun parlament sədri seçilməsi ehtimalı hazırda aşağı qiymətləndirilir.
Beləliklə, “Hraparak”ın məlumatına görə, “Vətəndaş Müqaviləsi”ndə parlament rəhbərliyinin formalaşdırılması ilə bağlı ilkin müzakirələr artıq başlayıb və əsas favorit kimi Hayk Koncoryanın adı ön plana çıxır.
Alpər Mövludoğlu
Ordu.az