“Guardian”: İlon Maskın sərvəti niyə qlobal təhlükəyə çevrilir?

2026/06/1781065500.jpg
Oxunub: 301     08:25     10 İyun 2026    
“Dünyanın ən varlı adamı olan İlon Maskın sərvətinin yaxın illərdə 1 trilyon dollara çatacağı ilə bağlı proqnozlar getdikcə daha çox müzakirə olunur. Lakin bəzi ekspertlər hesab edirlər ki, problem yalnız sərvətin miqyasında deyil, həmin sərvətin siyasi və ictimai həyata təsir imkanlarındadır”.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Guardian” nəşri “İlon Maskın sərvəti niyə qlobal təhlükəyə çevrilir?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edir ki, İlon Mask 2026-cı ilin fevralında “X” sosial şəbəkəsində paylaşdığı fikirdə “Pulla xoşbəxtlik almağın mümkün olmadığını deyən adam nə danışdığını çox yaxşı bilirdi” sözlərini yazaraq paylaşımını kədərli emojilərlə müşayiət etmişdi. Məqalə müəllifinin fikrincə, bu yanaşma artıq köhnəlmiş hesab oluna bilər.

Nəşr xatırladır ki, 2024-cü ildə aparılan araşdırma yüksək gəlirli şəxslərlə aşağı gəlirli vətəndaşlar arasında xoşbəxtlik səviyyəsində ciddi fərqlərin olduğunu ortaya qoyub. Araşdırma müəllifinin sözlərinə görə, pul və xoşbəxtlik arasındakı əlaqənin təxminən 75 faizi insanın öz həyatı üzərində daha çox nəzarət hissinə malik olması ilə izah edilir.

Lakin məqalə müəllifi hesab edir ki, Mask bu qaydanın istisnası kimi görünür.

“Planetin ən zəngin adamı xüsusi məmnunluq və ya rahatlıq təəssüratı yaratmır. O, sanki boş vaxtının böyük hissəsini X platformasında qəzəbini ifadə etməklə keçirir. Ola bilsin ki, onun mövcud sərvəti də daxili narahatlığını aradan qaldırmaq üçün kifayət etmir. Əgər hər şey planlaşdırıldığı kimi getsə və bu həftə nəzərdə tutulan “SpaceX” səhmlərinin ilkin ictimai təklifi uğurlu olsa, İlon Mask dünyanın ilk trilyonçusuna çevrilə bilər”, - deyə məqalədə qeyd olunur.

Nəşr vurğulayır ki, əsas problem Maskın trilyonçu olmasının onun şəxsi həyatına necə təsir edəcəyi deyil, bunun demokratiyaya hansı nəticələr vəd etməsidir.

“Əgər milyardçı Mask artıq həddindən artıq böyük təsir gücünə malik görünürdüsə, trilyon dollarlıq sərvət ona prinsipial olaraq yeni səviyyədə toxunulmazlıq və hakimiyyət verəcək. Bu isə onun milyonlarla insanın həyatına təsir imkanlarını daha da genişləndirəcək”, - deyə müəllif yazır.

Məqalədə qeyd olunur ki, bir trilyon dolların miqyasını təsəvvür etmək belə çətindir. Müəllifin hesablamalarına görə, əgər hər gün 1 milyon dollar xərclənsə, 1 trilyon dolları bitirmək üçün 2700 ildən çox vaxt lazım olar.

Nəşr bildirir ki, bu qədər böyük sərvətin bir nəfərin əlində cəmləşməsi həmin şəxsə seçkilərə, siyasətə və ictimai qərarların qəbuluna misilsiz təsir imkanı yaradır.

Məqalədə xüsusi olaraq Maskın ABŞ Prezidenti Donald Trampa və Respublikaçılar Partiyasına etdiyi böyük maliyyə dəstəyindən bəhs olunur. Müəllif qeyd edir ki, Maskın 2024-cü il seçkilərində təxminən 290 milyon dollar həcmində siyasi ianələr verməsi Trampın kampaniyasına əhəmiyyətli dəstək göstərib.

“Əvəzində texnologiya maqnatı investisiyalarının heyrətamiz gəlirini əldə edib. 2024-cü ilin oktyabrında Maskın sərvəti təxminən 270 milyard dollar qiymətləndirilirdi. İki ildən də az müddətdə onun sərvəti 500 milyard dollardan çox artıb və indi o, trilyonçu statusunun astanasındadır.

Mask təkcə sərvətini artırmayıb, həm də öz baxışlarını ABŞ dövlət institutlarına daşımağa nail olub. Mask faktiki olaraq “kölgə prezident” rolunu oynayır, nazirlər kabinetinin iclaslarında iştirak edir və Trampın Çin və Səudiyyə Ərəbistanına səfərləri zamanı onu müşayiət edərək öz şirkətləri üçün sərfəli müqavilələrin əldə olunmasına çalışır”, - deyə nəşr bildirib.

Məqalədə həmçinin Maskın rəhbərlik etdiyi DOGE adlı strukturun fəaliyyəti də tənqid olunur. Müəllif yazır ki, həmin qurum dövlət idarələrində geniş ixtisarlar aparıb, on minlərlə əməkdaşın işdən çıxarılmasına səbəb olub və beynəlxalq yardım proqramlarının maliyyələşdirilməsini ciddi şəkildə azaldıb.

“Bəzi hesablamalara görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin zəiflədilməsi nəticəsində xəstəliklər və qidalanma çatışmazlığı səbəbindən yüz minlərlə insan həyatını itirib. Bu faciələr bir sıra ekspertlər tərəfindən İlon Maskın qərarlarının nəticəsi kimi qiymətləndirilir”, - deyə məqalədə bildirilir.

Nəşr hesab edir ki, Mask əslində daha böyük problemin yalnız ən görünən simasıdır.

“Pul və siyasət ölümcül dərəcədə bir-birinə qarışıb. 2010-cu ildə ABŞ Ali Məhkəməsinin Citizens United işi üzrə qərarından sonra korporasiyalar və lobbi qrupları seçki kampaniyalarına faktiki olaraq məhdudiyyətsiz vəsait yönəltmək imkanı əldə etdilər. Bundan sonra milyarderlərin siyasi proseslərə təsiri sürətlə artmağa başladı”, - deyə məqalədə vurğulanır.

“Guardian” “The New York Times” qəzetinin araşdırmasına istinadən yazır ki, milyarderlərin siyasi ianələrinin payı 2008-ci ildəki 0,3 faizdən 2024-cü ildə keçirilən federal seçkilərdə 19 faizə yüksəlib və ümumi məbləğ 3 milyard dolları ötüb.

Məqalədə qeyd olunur ki, bu vəsaitlərin böyük hissəsi təxminən 300 milyarder və onların ailələri tərəfindən təmin edilib.

“Cəmi 300 nəfər milyardlarla insanın necə yaşayacağına təsir göstərmək imkanına malikdir. Onların prioritetləri isə adi vətəndaşların maraqlarından ciddi şəkildə fərqlənir. Araşdırmalar göstərir ki, ultra zəngin şəxslər səhiyyə və təhsil kimi ictimai sahələrə investisiya yatırmağa daha az maraq göstərirlər. Onlar aşağı vergilər və dövlət tənzimlənməsinin minimuma endirilməsini üstün tuturlar”, - deyə nəşr yazır.

Məqalədə vurğulanır ki, sərvət konsentrasiyası hazırda tarixdə görünməmiş həddə çatıb və yaxın on ildə dünyada beş trilyonçunun meydana çıxacağı proqnozlaşdırılır.

Nəşrin fikrincə, bu vəziyyət artıq təkcə ABŞ üçün deyil, bütün dünya üçün təhlükə yaradır.

“İlon Mask ABŞ siyasəti ilə kifayətlənmir. Cənubi Afrika əsilli sahibkar Böyük Britaniyanın daxili siyasətinə də fəal şəkildə müdaxilə etməyə çalışır, sağçı qruplara dəstək vermək imkanlarını araşdırır və Britaniya hökumətini mütəmadi olaraq tənqid edir. Baş nazir Kir Starmer artıq açıq şəkildə onu ölkənin daxili siyasətinə qarışmaqda ittiham edib”, - deyə məqalədə bildirilir.

Müəllif hesab edir ki, dünyanın ən zəngin adamı statusu Maska istədiyini demək və etmək üçün faktiki olaraq tam sərbəstlik verib.

“Planetin ilk trilyonçusunun meydana çıxması bu hissi daha da gücləndirəcək və dünyanı açıq oliqarxiya modelinə bir addım da yaxınlaşdıracaq. Hələlik vəziyyəti dəyişmək üçün vaxt var, lakin trilyonçu hakimlərin yeni dövrü yaxınlaşdıqca bu imkan sürətlə azalır”, - deyə məqalədə qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlon-Mask   ABŞ  


Bizi "telegram"da izləyin