Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri “Çiçəklənən Ermənistan”ın taleyi qeyri-müəyyəndir, “Hayastan” bloku mandatları götürməyə meyillidir, “Güclü Ermənistan” isə parçalanıb” başlıqlı məqaləsində yazıb.
Nəşrin məlumatına görə, hazırda əsas diqqət “Çiçəklənən Ermənistan” Partiyasının taleyinə yönəlib. Partiyanın parlamentə düşməsi üçün təxminən 70 səs çatışmır və hazırda aparılan yenidən sayım həmin səslərin olub-olmadığını müəyyən etməlidir.
“Əgər partiya seçki baryerini keçə bilsə, parlamentdə müxalif qüvvələrin nisbəti və ümumi siyasi mənzərə əhəmiyyətli dərəcədə dəyişəcək.
Parlament prezident, baş nazir, Konstitusiya Məhkəməsinin hakimləri, Ali Məhkəmənin hakim və sədri, Ali Məhkəmə Şurasının üzvləri, Ombudsman, Mərkəzi Seçki Komissiyasının üzvləri və sədri, Televiziya və Radio Komissiyasının üzvləri, Korrupsiyanın Qarşısının Alınması Komissiyasının üzvləri, Mərkəzi Bankın sədri və idarə heyətinin üzvləri, Hesablama Palatasının rəhbərliyi və baş prokuror kimi yüksək vəzifəli şəxslərin seçilməsində həlledici rol oynayır.
Bu səbəbdən “Çiçəklənən Ermənistan” parlamentə daxil olarsa, “Vətəndaş Müqaviləsi” bir çox qanunların qəbul edilməsi üçün müxalifətin dəstəyinə ehtiyac duyacaq. Ola bilsin ki, məhz buna görə artıq Qaqik Tsarukyan barəsində cinayət təqibi başlanıb və onun istirahət məqsədilə ölkəni tərk etməsinə icazə verilməyib”, - deyə nəşr yazır.
Nəşrin məlumatına görə, yaranmış qeyri-müəyyənlik fonunda ən aydın mövqeyə malik siyasi qüvvə “Hayastan” blokudur.
“ArmLur.am”ın əldə etdiyi məlumata əsasən, blok rəhbərliyi deputat mandatlarını götürməməyə daha çox meyillidir və ölkənin idarə edilməsinin nəticələrinə görə bütün məsuliyyətin “Vətəndaş Müqaviləsi”nin üzərində qalmasını istəyir.
“Bununla belə, yekun qərar hələ açıqlanmayıb. Robert Koçəryan daha əvvəl bildirmişdi ki, məsələ ilə bağlı digər müxalif qüvvələrlə birlikdə vahid mövqe formalaşdırılacaq. Daşnaksütun Ali Orqanının nümayəndəsi İşxan Sağatelyan Konstitusiya Məhkəməsinin tərkibi ilə bağlı iradlarına baxmayaraq, müxalifətin seçki prosesi ilə bağlı hüquqi məsələləri mübahisələndirmək üçün məhkəməyə müraciət etməyə hazırlaşdığını açıqlayıb.
Daha mürəkkəb vəziyyət isə siyasi səhnənin yeni iştirakçısı olan “Güclü Ermənistan” blokunda yaranıb. “ArmLur.am”ın məlumatına görə, bu günə qədər partiya üzvləri lider Samvel Karapetyanla görüşməyiblər. Yalnız Narek Karapetyan əmisi ilə əlaqə saxlayır. Deputat seçilən və seçilməyən namizədlər isə öz aralarında qruplar şəklində görüşərək yaranmış vəziyyəti müzakirə edirlər.
Partiya daxilində iki fərqli yanaşma formalaşıb. Siyahının sonlarında yer alan və deputat seçilməyən şəxslər mandatlardan imtina etməyi və bununla da Paşinyan hakimiyyətini legitimləşdirməməyi təklif edirlər. Onlar hesab edirlər ki, bu yolla növbəti beş il ərzində təqiblərə, təzyiqlərə və hədəfə çevrilməyə məruz qalmaqdan yayınmaq olar.
Deputat seçilənlər isə daha döyüşkən mövqe sərgiləyirlər. Bu qrup parlamentə getməyin, “rejimə qarşı” mübarizəni parlament daxilində davam etdirməyin, Paşinyan hökuməti üçün problemlər yaratmağın və parlament tribunasından siyasi mübarizə platforması kimi istifadə etməyin tərəfdarıdır”, - deyə nəşr bildirir.
Məqalədə xatırladılır ki, siyahının lideri Narek Karapetyan daha əvvəl maraqlı proqnoz səsləndirib. O bildirib ki, “Vətəndaş Müqaviləsi”ndən 8 deputatı öz tərəflərinə çəkmək mümkün ola bilər.
Nəşr vurğulayır ki, seçki baryerini aşmış müxalif qüvvələr hələ də yekun mövqelərini açıqlamayıblar. Halbuki onların seçkiləri legitim hesab edib-etmədiklərini, nəticələri qəbul edib-etmədiklərini və yekun hesablamalardan sonra hansı addımları atacaqlarını bəyan etmələri gözlənilirdi.
“Hazırda müxalifət çətin seçim qarşısındadır: mandatları götürüb parlamentə daxil olmaq və növbəti beş ildə indiki müxalifət kimi təzyiqlərə, tənqidlərə və siyasi təqiblərə məruz qalmaq, yoxsa mandatlardan imtina etmək. Lakin mandatlardan imtina etmək də ilk baxışdan göründüyü qədər asan deyil. Bunun üçün “Güclü Ermənistan” blokunun 150 üzvü, “Hayastan” blokunun 134 üzvü, eləcə də yenidən sayımdan sonra baryeri keçəcəyi təqdirdə “Çiçəklənən Ermənistan” Partiyasının bütün namizədləri Mərkəzi Seçki Komissiyasına imtina ərizəsi təqdim etməlidirlər.
Siyasi rəhbərlərin bütün namizədlərə təsir göstərərək vahid qərar qəbul etdirməyə nail olub-olmayacağı məlum deyil. Əvvəlki illərin təcrübəsi göstərir ki, müxalifət öz siyahılarında yer alan bütün şəxslərə tam etibar etmir. Məhz buna görə mandatlardan imtina ilə bağlı təşəbbüslər indiyədək tam həyata keçirilməyib. Hətta bəzi müxalifətçilərin sonradan “Vətəndaş Müqaviləsi” tərəfinə keçməsi ehtimalı da istisna edilmir”, - deyə məqalədə bildirilib.
Alpər Mövludoğlu
Ordu.az