S-400 düyünü açılmır: Rubiodan Ankaranın beşinci nəsil qırıcı proqramına qəti qıfıl

2026/06/1780903375.jpg
Oxunub: 367     11:28     08 İyun 2026    
ABŞ dövlət katibi Marko Rubio Konqresdəki son çıxışı zamanı NATO üzvü olan Türkiyənin F-35 “Lightning II” proqramına qayıtmasının mümkün olmadığını açıq şəkildə bəyan edib. Bununla da administrasiya daxilində daha əvvəl səsləndirilən fərqli fikirlərə aydınlıq gətirilib.

Rubionun açıqlaması ABŞ-nin Türkiyədəki səfiri Tom Barrakın Ankaranın yenidən proqrama qoşulmalı olduğunu bildirməsindən sonra gəlib. Lakin dövlət katibi vurğulayıb ki, mövcud ABŞ qanunvericiliyi Türkiyənin hazırkı şərtlər altında F-35 proqramına qayıtmasına imkan vermir.

Türkiyə Trampı F-35 satışına razı salmağa çalışır?

Ötən il ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ağ evdə görüşdükdən sonra Ankara yenidən F-35 proqramına qayıtmaq ümidlərini dilə gətirmişdi.

Türkiyə uzun illərdir beşinci nəsil görünməz döyüş təyyarəsi proqramına qayıtmağın yollarını axtarır. Ankara 2019-cu ildə, Donald Trampın ilk prezidentlik dövründə, Rusiyanın istehsalı olan S-400 “Triumf” hava hücumundan müdafiə sistemlərini əldə etdiyinə görə proqramdan çıxarılmışdı.

Vaşinqton uzun müddətdir ki, bu iki sistemin uyğun olmadığını bildirir. ABŞ hesab edir ki, Türkiyənin S-400 sistemlərindən istifadə etməsi rus radarlarına F-35 təyyarələrinin aşkarlanması üzrə məlumat toplamaq imkanı yarada və bununla da proqramın təhlükəsizliyini risk altına qoya bilər.

NATO-nun digər üzvləri də bu məsələdə oxşar sərt mövqe nümayiş etdiriblər.

Hazırda Türkiyənin S-400 batareyaları aktiv istifadədə deyil. Lakin bu, Vaşinqtonu qane etmir. ABŞ rəsmiləri Ankaranın proqrama qayıtması üçün sistemlərin Rusiyaya geri qaytarılmasını, üçüncü tərəfə satılmasını və ya tamamilə məhv edilməsini tələb edirlər.

Məsələ bu ilin aprel ayında yenidən gündəmə gəlib. ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak NATO ölkəsinə S-400 sistemlərinin alınmasına görə tətbiq olunan sanksiyalarla bağlı Vaşinqton və Ankara arasında razılığa yaxın olunduğunu bildirmişdi.

Antalya Diplomatiya Forumunda çıxış edən Barrak demişdi: “Mən düşünürəm ki, yaxın zamanda S-400 məsələsinin həllini görəcəyik. Rəhbərimin mövqeyinə görə, F-35 proqramına qəbul olunmaq problem deyil”.

Lakin o, bununla bağlı əlavə təfərrüat verməmişdi. Səfir həmçinin Türkiyənin müttəfiq ölkə kimi F-35 proqramına yenidən qəbul edilməsinin NATO-nu daha da gücləndirəcəyini bildirmişdi.

Məlumdur ki, Donald Tramp yaxın müttəfiqlərinin tövsiyələri əsasında uzunmüddətli siyasətlərə dəyişiklik etməyə meyillidir. Tom Barrak da həmin şəxslərdən biridir. O, Tramp siyasi fəaliyyətə başlamazdan çox əvvəl onunla Manhetten daşınmaz əmlak sektorunda birlikdə çalışıb.

Türkiyə rəsmilərinin də bunu nəzərə aldığı və son vaxtlar ABŞ-nin F-35 ixrac siyasətinin yenidən nəzərdən keçirilməsi üçün Trampa müraciətləri artırdığı bildirilir.

Rubio ABŞ-nin mövqeyinin dəyişmədiyini vurğulayıb

Barrakın açıqlamalarına baxmayaraq, ABŞ hökumətinin rəsmi mövqeyi dəyişməz qalır.

ABŞ qanunvericiliyinə, xüsusilə Milli Müdafiə Səlahiyyətləri Aktına (NDAA) və 2017-ci ilin avqustunda qəbul edilən “Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə qarşı durulması haqqında” qanuna (CAATSA) əsasən, Türkiyə S-400 sistemlərinə sahib olduğu müddətdə F-35 “Lightning II” təyyarələrini ala və ya istifadə edə bilməz.

Bu həftə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı Nevada ştatından demokrat konqresmen Dina Titus bu məsələni Rubionun diqqətinə çatdırıb.

Titus bildirib: “Tom Barrak Türkiyənin F-35 proqramına qoşulmalı olduğunu deyib. Bu açıqlamalar qanunlara və uzunmüddətli siyasətə ziddir. Dövlət katibi kimi sizin mövqeyiniz nədir? Türkiyə F-35 ala bilər, yoxsa yox?”.

Rubio isə belə cavab verib: “Onların F-35 ala bilməməsinin səbəbi Rusiyadan S-400 sistemi almalarıdır. Hazırda bizim başqa seçimimiz yoxdur, çünki bu məsələ həm NDAA müddəaları, həm də qanunla tənzimlənir”.

Rubionun açıqlamaları göstərir ki, S-400 məsələsi həll edilmədiyi müddətdə Vaşinqtonun mövqeyi dəyişməyəcək.

Türkiyə gələcəkdə F-35 əldə edə bilərmi?

ABŞ qanunvericiliyinə əsasən seçim aydındır: Türkiyə ya F-35 proqramını, ya da S-400 sistemlərini seçməlidir.

Türkiyə hökumətinin F-35 proqramına üstünlük verdiyi görünür. Buna səbəb Ankaranın S-400 sistemlərini tam aktivləşdirməməsi və onların əməli istifadəsinə başlamamasıdır. Bununla belə, Türkiyə hələ də hər iki sistemə sahib ola biləcəyi mümkün ssenariləri araşdırır.

Əgər Ankara gələcəkdə F-35 proqramına qayıtmaq naminə S-400 sistemlərindən imtina etmək qərarı versə, bunun bir neçə variantı mövcuddur. Türkiyə istifadə olunmamış S-400 sistemlərini Rusiyaya qaytara bilər. Ukrayna ilə müharibə fonunda hava hücumundan müdafiə imkanlarını gücləndirməyə çalışan Moskvanın buna ciddi etiraz etməyəcəyi ehtimal olunur.

Digər variant sistemlərin Hindistana və ya Pakistana satılmasıdır. Ankara həmçinin batareyaları Ukraynaya və ya ABŞ-nə hədiyyə edə bilər. Belə addım Vaşinqtonun rəğbətini qazansa da, Moskvanın ciddi narazılığına səbəb olacaq. İndiyədək Rusiya bütün bu variantlara ehtiyatlı yanaşıb. Çünki Moskva S-400 sistemlərinin Vaşinqtonla Ankara arasında yaratdığı siyasi ayrılığı öz maraqları baxımından faydalı hesab edir.

Hindistan artıq S-400 sistemlərinin xarici operatorlarından biridir. Buna baxmayaraq, Donald Tramp 2025-ci ilin əvvəlində Yeni Dehliyə F-35 satışının mümkünlüyündən danışmışdı.

Lakin bu açıqlama rəsmi siyasət kimi qəbul edilmədi. 2026-cı ilin aprel ayında isə “Lockheed Martin” təsdiqlədi ki, Vaşinqtonun F-35 “Lightning II” təyyarələrinin ixracına nəzarəti sərtləşdirməsindən sonra Hindistana mümkün satış məsələsi bağlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: S-400   F-35   Türkiyə   ABŞ  


Bizi "telegram"da izləyin