Sənayedə müharibə dövrü rejimi: Pentaqon “Lockheed Martin” və “BAE Systems”dən THAAD istehsalını 4 dəfə artırmağı niyə tələb edir?

2026/06/1780904140.jpg
Oxunub: 280     11:46     08 İyun 2026    
ABŞ ordusu büdcə sənədlərinə əsasən təxminən 1000 ballistik raket əleyhinə önləyici əldə etməyi planlaşdırır.

2027-ci maliyyə ili üçün təqdim olunan büdcə sorğusunda ordu 857 ədəd THAAD (Terminal High Altitude Area Defense) önləyici raketinin alınmasını istəyir. Məqsəd istənilən potensial rəqibə qarşı fəaliyyət göstərə biləcək güclü hava hücumundan müdafiə çətiri yaratmaqdır.

THAAD önləyici raketi haqqında

İstismara qəbul edilib: 2008-ci il
İstehsal olunan sayı: 900-dən çox
Uzunluğu: 6,17 metr
Döyüş vəziyyətində çəkisi: 900 kiloqram
Mühərrik: “L3Harris” tərəfindən istehsal olunan sürətləndirici mühərrik və maye yönləndirmə-idarəetmə sistemi (LDACS)
Maksimum sürəti: saatda 10 000 kilometr (Mach 8,2)
Mənzili: 200 kilometr


ABŞ ordusu təbəqəli hava hücumundan müdafiə imkanlarının inkişafına böyük sərmayə yatırır. Məqsəd düşmən təyyarələrinə, raketlərinə və Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı dayanıqlı müdafiə çətiri formalaşdırmaqdır.

Bu investisiyanın tərkib hissəsi kimi xidmət 857 THAAD önləyicisinin alınması üçün maliyyə vəsaiti tələb edir.

THAAD raketi düşmənin ballistik raketlərini həm atmosferdən kənarda, həm də yenidən atmosferə daxil olduqdan sonra məhv etmək qabiliyyətinə malikdir. İnterceptor döyüş başlığı daşımır. Hədəfi məhv etmək üçün yüksək kinetik enerjidən istifadə edir.

THAAD ABŞ-nin ən güclü raketdən müdafiə vasitələrindən biri hesab olunur və ümumilikdə qitələrarası ballistik raket hücumlarına qarşı ölkənin ən effektiv müdafiə xətti kimi qiymətləndirilir.

Bir neçə il əvvəl Koreya Xalq Demokratik Respublikası ilə gərginliyin artdığı dövrdə ABŞ əlavə THAAD sistemlərini Yaponiya və Cənubi Koreyada yerləşdirmişdi. Hətta sırf müdafiə xarakterli sistem olmasına baxmayaraq, Çin bu addımdan narazılığını rəsmi şəkildə bildirmişdi və sistemi öz təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirmişdi.

THAAD sisteminin ABŞ prezidenti Donald Trampın təklif etdiyi “Qızıl Günbəz” hava hücumundan müdafiə şəbəkəsinin əsas elementlərindən birinə çevriləcəyi demək olar ki, qəti hesab olunur. Müasir dövrdə hava təhdidləri ABŞ-nin keçmiş prezidenti Ronald Reyqanın oxşar “Strateji Müdafiə Təşəbbüsü” raket qalxanını irəli sürdüyü 40 il əvvəlki dövrlə müqayisədə daha mürəkkəb xarakter daşıyır.

Artıq hava hücumundan müdafiə sistemləri yalnız ballistik və qanadlı raketlərə deyil, həm də hipersəs sursatlarına və kamikadze tipli birtərəfli hücum PUA-larına qarşı mübarizə aparmalıdır. İdeal hava hücumundan müdafiə çətiri bütün bu təhdidlərə qarşı effektiv olmalıdır. Eyni zamanda uzunmüddətli döyüş əməliyyatları zamanı da fəaliyyət qabiliyyətini qorumalıdır.

Əgər müdafiə şəbəkəsi yalnız bir neçə gün davam edən intensiv döyüş şəraitində işləyə bilirsə, onun bütün hədəfləri vurmaq bacarığı böyük əhəmiyyət daşımır. Buna görə də hava hücumundan müdafiə raketlərinin həm keyfiyyəti, həm də sayı mühüm rol oynayır.

ABŞ ordusunun təxminən 1000 THAAD önləyicisi sifariş etmək qərarı məhz bu ehtiyacı qarşılamağa yönəlib.

“Lockheed Martin” istehsalı ciddi şəkildə artırmalı olacaq

Raketin əsas istehsalçısı olan “Lockheed Martin” ordunun tələblərini yerinə yetirmək üçün istehsal prosesində ciddi dəyişikliklər etməli olacaq. Məsələn, 2015-ci ilin may ayından 2024-cü ilin dekabrınadək şirkət təxminən 900 THAAD önləyicisi təhvil verib. Bu isə ildə orta hesabla təxminən 100 raket istehsalı deməkdir.

Ordunun birdəfəlik 857 raket sifarişi fonunda mövcud istehsal tempinin ciddi şəkildə artırılması tələb olunacaq. Problemin əhəmiyyətini nəzərə alan “Lockheed Martin” artıq bu istiqamətdə addımlar atmağa başlayıb. Ordunun sifarişi ABŞ Müdafiə Nazirliyi, BAE SYSTEMS və “Lockheed Martin” arasında THAAD raketlərinin istehsalını dörd dəfə artırmağa yönəlmiş çərçivə sazişinin imzalanmasından bir neçə həftə sonra gündəmə gəlib.

ABŞ müharibə nazirinin satınalma və təminat məsələləri üzrə müavini Maykl Daffi bununla bağlı açıqlamasında bildirib: “Təchizat zəncirimizin təhlükəsizliyi əsas podratçılarla tərəfdaşlığımız qədər vacibdir. BAE SYSTEMS ilə əldə olunan bu razılaşma bazara aydın, sabit və uzunmüddətli tələbat siqnalı göndərir. Biz tərəfdaşlarımıza sərmayə qoymaq, istehsalı genişləndirmək və yeni işçilər cəlb etmək üçün lazım olan əminliyi təqdim edirik. Sənaye bazasını müharibə dövrü rejiminə keçirməyin yolu məhz budur”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   THAAD   ABŞ  


Bizi "telegram"da izləyin