Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Təxminən 1,8 milyard dollar həcmində olan fond daha əvvəl həm demokratların, həm də respublikaçıların bir hissəsinin sərt tənqidlərinə məruz qalmışdı.
ABŞ Baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanşın Ədliyyə Nazirliyinin bu təşəbbüs üzərində işi davam etdirməyəcəyini açıqlamasından bir gün sonra Tramp Oval kabinetdə məsələ ilə bağlı qeyri-müəyyən mövqe nümayiş etdirib.
ABŞ Prezidenti fondun tamamilə bağlanıb-bağlanmadığı və ya sadəcə fəaliyyətinin dayandırıldığı barədə suala cavab verərkən hüquqşünaslarla məsləhətləşməli olduğunu bildirib.
“Mən hüquqşünaslardan soruşmalıyam. Bilmirəm”, - deyə Tramp qeyd edib. Bununla yanaşı, o, təşəbbüsü “möhtəşəm ideya” adlandırıb. “Bu. mənim xoşuma gəlir. Məncə, bu çox vacibdir”, - deyə ABŞ lideri vurğulayıb.
Daha əvvəl ABŞ Ədliyyə Nazirliyi fondun yaradılmasından imtina etdiyini açıqlamışdı. Bu qərar federal məhkəmənin təşəbbüsün həyata keçirilməsini müvəqqəti bloklamasından sonra qəbul olunub.
Nazirlik məhkəmə qərarı ilə razılaşmadığını bildirsə də, ona əməl edəcəyini bəyan edib.
Todd Blanş daha əvvəl Konqresdə çıxışı zamanı nazirliyin fondla bağlı işi davam etdirmədiyini desə də, bu qərarı yazılı şəkildə təsdiqləməkdən imtina etmişdi.
ABŞ administrasiyasının açıqlamaları fonunda Senatda demokratların lideri Çak Şumer fondun yaradılmasının qəti şəkildə qadağan olunması üçün səsvermə təşəbbüsü ilə çıxış edəcəklərini bildirib.
O, fondu “siyasi motivli ödənişlər fondu” adlandırıb.
Fond ötən ay Ədliyyə Nazirliyi tərəfindən ABŞ Daxili Gəlirlər Xidməti (IRS) ilə Donald Tramp və ailəsi ilə əlaqəli qurumlar arasında əldə olunmuş razılaşma çərçivəsində yaradılmışdı. Həmin razılaşmaya əsasən Tramp vergi məlumatlarının sızdırılması ilə bağlı 10 milyard dollarlıq iddiadan imtina etmişdi.
Amerika KİV-lərinin məlumatına görə, fondun tənqidçiləri onun siyasi təqiblərdən zərər çəkdiyi iddia olunan Tramp tərəfdarlarına, o cümlədən 2021-ci il yanvarın 6-da Kapitoliyə hücum edən şəxslərə kompensasiya ödənilməsi məqsədilə nəzərdə tutulduğunu bildirirlər.
Sevinc Əliyeva
Ordu.az