Fransanın Ermənistandakı səfiri: “Biz etibarlı tərəfdaşıq, təhdid etmirik, təzyiq göstərmirik, kömək edirik”

2026/06/1780587262.jpg
Oxunub: 245     19:34     04 İyun 2026    
“Avropa İttifaqı Ermənistan hökuməti və ölkədə fəaliyyət göstərən şirkətlərlə birlikdə Rusiyanın iqtisadi təzyiqlərinin təsirlərini azaltmaq üçün əməkdaşlıq edir”.

Ordu.az xəbər verir ki, bunu iyunun 4-də erməni ixracatçılarla keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında Fransanın Ermənistandakı səfiri Olivye Dekotini deyib.

Diplomat bildirib ki, avropalı tərəfdaşlar Ermənistan hökuməti və yerli şirkətlərlə əl-ələ verərək ölkənin üzləşdiyi iqtisadi çətinliklərin aradan qaldırılmasına yardım göstərirlər.

Dekotini Rusiyanın son dövrlərdə Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərə toxunaraq qeyd edib ki, logistika və Ermənistan məhsullarının Avropa bazarlarına çıxarılması ilə bağlı praktiki məsələlər müzakirə olunur.

Onun sözlərinə görə, Avropa İttifaqı erməni məhsullarının Avropada daha geniş tanıdılması və ixrac imkanlarının artırılması üçün müxtəlif mexanizmlər üzərində işləyir.

“Seçim etməyi sizdən Avropa İttifaqı və ya Avropadakı dostlarınız tələb etmir. Biz etibarlı tərəfdaşıq, təhdid etmirik, təzyiq göstərmirik, kömək edirik. Dünyanın ən geniş iqtisadi şəbəkəsi olan Avropa İttifaqı ilə Ermənistanın iqtisadi əlaqələrinin inkişaf etməsini və bunun Ermənistan üçün əlavə təhlükəsizlik yaratmasını istəyirik”, - deyə səfir vurğulayıb.

Qeyd edək ki, Rusiya son dövrlərdə Ermənistan məhsullarının idxalına mütəmadi məhdudiyyətlər tətbiq edir. Xüsusilə Ermənistan istehsalı güllərin, “Cermuk” mineral suyunun, bəzi spirtli içkilərin və balıq məhsullarının idxalı qadağan edilib. Meyvə-tərəvəz məhsullarının idxalına da müxtəlif məhdudiyyətlər tətbiq olunub.

Bundan əlavə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyunun 4-də Nikol Paşinyanla telefon danışığı apararaq, Rusiyanın iqtisadi təzyiqləri fonunda Ermənistan üçün xüsusi dəstək paketi hazırlandığını və bu çərçivədə Ermənistana 50 milyon avro ayrılacağını açıqlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin