Ordu.az xəbər verir ki, bu barədə “The Economist” nəşri hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazıb ki, Vladimir Zelenski daha iki-üç illik döyüş əməliyyatlarına hazırlaşmaq barədə göstəriş verib.
Nəşrin məlumatına görə, ilin əvvəlində Kiyevdə ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların müvəqqəti razılaşma ilə nəticələnəcəyinə ümid edilirdi.
Ukrayna tərəfi qüvvələrin qarşılıqlı geri çəkilməsi şərti ilə Donbasdan qoşunların çıxarılması məsələsini müzakirə etməyə hazır idi. Lakin Kreml Ukrayna Silahlı Qüvvələrinin birtərəfli geri çəkilməsini tələb edir və digər ölkələrin hərbçilərinin yerləşdirilməsini nəzərdə tutan təhlükəsizlik təminatlarını qəbul etmirdi.
Məlumata görə, Vladimir Putin müzakirə olunan razılaşma variantlarının heç birini təsdiqləməyib.
Mayın 22-də ABŞ danışıqlar prosesindən çıxdığını açıqlayıb.
“The Economist”in ukraynalı və qərbli mənbələri diplomatik prosesin yayda yenidən başlaya biləcəyini istisna etmirlər. Bununla belə, Ukrayna və ya Rusiyanın daha zəif mövqeyə düşməyəcəyi halda müharibənin davam etməsinin daha real olduğu bildirilir.
“The Guardian” nəşri Kremlin yaxınlığındakı mənbələrə istinadən yazıb ki, Vladimir Putinin müharibə ilə bağlı hesablamaları dəyişməyib və o, döyüş əməliyyatlarını davam etdirmək niyyətindədir.
Mənbələrdən birinin sözlərinə görə, Putin ilin sonuna qədər Donbas üzərində tam nəzarət qurmağı planlaşdırır. “Putin Donbasa fokuslanıb və bu məqsədə çatmayana qədər dayanmaq niyyətində deyil”, - deyə mənbə bildirib.
Nəşrin mənbələri qeyd edib ki, Putin Rusiyanın cəbhədə yaxın zamanda dönüş yaradacağına inanır.
“Kremlə yaxın mənbə bildirib ki, rəsmilər və hərbçilər prezidentə hər şeyi çəhrayı rəngdə təqdim edirlər və ona yalan danışırlar. Bu, Putinin qurduğu sistemin iş prinsipidir”, - deyə məlumatda vurğulanıb.
Mənbələrin sözlərinə görə, Putin Donald Trampın Kiyevdən ərazi güzəştləri ala biləcəyinə də artıq inanmır. “Kremldə Trampın seçildikdən sonra Donbas məsələsində razılaşmaya kömək edəcəyi ilə bağlı nikbinlik var idi. Lakin zaman keçdikcə bu gözləntilər azaldı”, - deyə mənbələrdən biri bildirib.
“Reuters” agentliyi daha əvvəl xüsusi xidmət orqanlarından birinin nümayəndəsinə istinadən yazmışdı ki, Kremlin əsas məqsədi Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq və Ukraynanı Rusiya ilə Qərb arasında neytral bufer zonaya çevirmək olaraq qalır.
Uzunmüddətli müharibə ssenarisinə hazırlıq barədə xəbərlər hələ fevral ayında yayılmışdı.
“The Wall Street Journal”ın Avropa məsələləri üzrə baş siyasi müxbiri Boyan Pançevskinin məlumatına görə, Zelenski yaxın çevrəsinə sülh danışıqlarının dalana dirəndiyini bildirib və müharibənin daha üç il davam edəcəyi ehtimalı üçün plan hazırlanmasını tapşırıb.
Bu açıqlamalar Münhen Təhlükəsizlik Konfransı ərəfəsində səsləndirilib. Zelenski həmin tədbirdə də uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırıb. Həmin vaxt Zelenskinin köməkçisi Dmitri Litvin bu məlumatları etibarsız adlandıraraq belə plan hazırlanması barədə göstəriş verilmədiyini bildirmişdi.
Zelenski “The Atlantic” nəşrinə müsahibəsində də əlverişsiz razılaşmanı qəbul etməkdənsə döyüş əməliyyatlarını davam etdirməyə üstünlük verəcəyini demişdi. Avropa İttifaqı rəsmilərinin də danışıqlar prosesinə skeptik yanaşdığı və müharibənin daha bir neçə il davam edə biləcəyini düşündüyü bildirilir.
“The Wall Street Journal”ın mənbələrinə görə, Donald Tramp da qısa müddətdə təmin edəcəyini vəd etdiyi sülh nizamlanmasına marağını tədricən itirir.
Sevinc Əliyeva
Ordu.az