ITPS “Canada” M-346T “Block 20” təlim təyyarələri tədarük edir

2026/05/Ekran-1779870358.jpg
Oxunub: 361     12:25     27 May 2026    
Kanadanın “International Test Pilots School”u (ITPS Canada) artan taktiki təlim ehtiyaclarını qarşılamaq məqsədilə “Leonardo” şirkətindən 6 ədəd M-346T “Block 20” təlim təyyarəsi sifariş edib.

Ordu.az xəbər verir ki, bu barədə “Leonardo” şirkəti məlumat yayıb.

Məlumata görə, tərəflər arasında imzalanmış yeni müqaviləyə əsasən ITPS “Canada” 6 ədəd M-346T “Block 20” təyyarəsi əldə edəcək.

Müqavilədə əlavə olaraq daha 6 təyyarə üçün opsion da yer alıb. Sözügedən təyyarələrin 2029-cu ildən etibarən xidmətə qəbul edilməsi gözlənilir. İtaliyanın Venegono şəhərində keçirilən imza mərasimi çərçivəsində təyyarələrin yekun qiymətləndirmə uçuşu da həyata keçirilib.

ITPS İdarə Heyətinin sədri Corco Klementi müqavilə ilə bağlı danışarkən bildirib ki, M-346 İtaliyanın qabaqcıl reaktiv təlim təyyarələri istehsalı sahəsindəki ənənəsini davam etdirir.

“Yeni təlim təyyarələrinin 2029-cu ildən etibarən şirkətin Ontario əyalətinin Nort Bey şəhərində yerləşən Beynəlxalq Taktiki Təlim Mərkəzində xidmətə başlaması gözlənilir. Bu təyyarələr hazırda dünya üzrə 10-dan çox hava qüvvəsinin qabaqcıl taktiki təlim ehtiyaclarını qarşılayan və bir çox beynəlxalq müştəriyə təlim xidmətləri təqdim edən ITTC parkının ilk imkan artırımı layihəsinə böyük töhfə verəcək”, - deyə Klementi qeyd edib.

ITPS son 25 ildən artıq müddətdə Kanadada 29-dan çox hava platformasına qabaqcıl və ixtisaslaşmış uçuş sınaqları, eləcə də hərbi taktiki təlimlər təqdim edib. Şirkət müasir hava qüvvələrinin inkişaf edən əməliyyat tələblərini qarşılamaq məqsədilə innovativ həllər təqdim etməyə davam edir.

Bundan əlavə, 2025-ci ilin oktyabr ayında ITPS-in baş icraçı direktoru Deyv Lohse Ottava Beynəlxalq Hava Limanının şimalındakı hava məkanında “Leonardo” istehsalı olan M-346 qabaqcıl reaktiv təlim təyyarəsi ilə sınaq və qiymətləndirmə uçuşu həyata keçirib.

Qiymətləndirmə uçuşundan sonra Lohse bildirib ki, M-346 müasir döyüş pilotu hazırlığının əməliyyat tələblərinə tam uyğun gələn üstün imkanlara malik platformadır.

“Təyyarənin yüksək performansı, rəqəmsal uçuş idarəetmə sistemi və qabaqcıl təlim arxitekturası onu Beynəlxalq Taktiki Təlim Mərkəzinin növbəti inkişaf mərhələsi üçün ideal platformaya çevirir. Müttəfiq hava qüvvələri təlim imkanlarını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmağa çalışdığı bir vaxtda M-346 platforması ITTC-yə Kanada və tərəfdaş ölkələrdən olan pilotları müasir və əməliyyat yönümlü mühitdə birlikdə hazırlamaq imkanı yaradacaq”, - deyə Lohse vurğulayıb.

Effektivliyini artıq sübut etmiş M-346 platforması bu günə qədər satılmış 160-dan çox təyyarə ilə 160 mindən artıq uçuş saatı həyata keçirib. Bu uğurlu platforma Avropa və dünyanın müxtəlif hava qüvvələrinə pilotlarını “Eurofighter Typhoon”, F-35 və yeni nəsil döyüş hava sistemləri kimi yüksək performanslı döyüş təyyarələri üçün hazırlamaq imkanı verir.

Kanada da daxil olmaqla 20 ölkə hazırda pilot hazırlığında M-346 platformasından istifadə edir və ya təyyarənin çoxməqsədli yüngül döyüş təyyarəsi versiyasına üstünlük verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ITPS-Canada   Kanada  


Bizi "telegram"da izləyin