KXDR-də süni intellekt texnologiyası ilə təchiz olunmuş yeni taktiki qanadlı raketlərin sınağı keçirilib

2026/05/1779857525.jpg
Oxunub: 371     05:27     27 May 2026    
Koreya Xalq Demokratik Respublikasında (KXDR) çoxməqsədli yüngül raketlərin ən yeni buraxılış sisteminin, həmçinin taktiki qanadlı raketlərin zərbə atəşi sisteminin sınaqları keçirilib.

Bu barədə Ordu.az Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir.

Məlumata görə, Şimali Koreya lideri Kim Çen İn Milli Müdafiə Akademiyasının poliqonunda keçirilən tədbirdə şəxsən iştirak edib.

Sınaqlar çərçivəsində xüsusi taktiki ballistik raketin döyüş hissəsinin gücünün yoxlanılması, uçuş məsafəsi artırılmış 240 millimetrlik idarə olunan reaktiv mərminin naviqasiya sisteminin etibarlılığının qiymətləndirilməsi, həmçinin süni intellekt texnologiyaları ilə təchiz edilmiş taktiki qanadlı raketin dəqiqliyinin müəyyən edilməsi həyata keçirilib. Kim Çen İn əldə edilmiş nəticələrə yüksək qiymət verərək onları Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin artırılması işində əhəmiyyətli texniki sıçrayış kimi xarakterizə edib.

KMTA-nın məlumatına görə, cənub sərhəd rayonunda yerləşdirilmiş uzaqmənzilli artilleriya briqadalarının silahlanmasına veriləcək yeni taktiki qanadlı raketə xüsusi diqqət yetirilib. Bu raket süni intellekt texnologiyası ilə birləşdirilmiş yüksək dəqiqlikli naviqasiya sistemi ilə təchiz olunub və terminal yönləndirmə üçün nəzərdə tutulub, həmçinin süzən və mühərrikli uçuş rejimlərindən istifadə edərək 100 km-ə qədər məsafədə obyektləri məhv etmə qabiliyyətinə malikdir.

Tədbirlərdə yüksək rütbəli hərbi rəhbərlər iştirak edib. Sınaqlar milli müdafiənin inkişafına dair beşillik planın həyata keçirilməsi kontekstində aparılır və bu planın əsas istiqamətlərindən biri artilleriya və raket qüvvələrinin modernizasiyasıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Raket  


Bizi "telegram"da izləyin