Ordu.az xəbər verir ki, bu barədə “Leonardo” şirkəti məlumat yayıb.
Şirkətin açıqlamasında müqavilənin əlavə 6 təyyarə opsiyasını da əhatə etdiyi bildirilib. İlk təyyarələrin 2029-cu ildən etibarən xidmətə qəbul edilməsinin planlaşdırıldığı qeyd olunub.
Yeni nəsil təlim təyyarələrinin Kanadanın Ontario əyalətində yerləşən Beynəlxalq Taktiki Təlim Mərkəzində xidmət göstərəcəyi açıqlanıb. “Leonardo” şirkəti sifarişin dünya üzrə 10-dan çox hava qüvvəsinin qabaqcıl taktiki döyüş pilotu hazırlığı tələblərinin qarşılanmasına töhfə verəcəyini bildirib.
Müqavilə İtaliyanın Venedqono şəhərində keçirilən mərasimdə ITPS İdarə Heyətinin sədri Corcio Klementi tərəfindən imzalanıb. Mərasim çərçivəsində M-346 təyyarəsinin son qiymətləndirmə uçuşu da həyata keçirilib.
Klementi açıqlamasında bildirib ki, M-346 İtaliyanın dünya səviyyəli reaktiv təlim təyyarəsi inkişaf etdirmə ənənəsini davam etdirir. ITPS “Canada” şirkətinin baş icraçı direktoru Deyv Lohsenin 2025-ci ildə Ottava hava məkanında həyata keçirdiyi qiymətləndirmə uçuşundan sonra M-346-nın müasir döyüş pilotu hazırlığı üçün uyğun platforma olduğu bildirilib.
Lohse qeyd edib ki, M-346 müasir döyüş pilotu hazırlığının tələblərinə cavab verən son dərəcə qabaqcıl reaktiv təlim təyyarəsidir. O vurğulayıb ki, təyyarənin performansı, rəqəmsal uçuş idarəetmə sistemi və inkişaf etmiş təlim infrastrukturu Beynəlxalq Taktiki Təlim Mərkəzinin imkanlarını genişləndirəcək.
Lohsenin sözlərinə görə, M-346 Kanada və müttəfiq ölkələrin pilotlarının müasir və əməliyyat yönümlü mühitdə birgə hazırlıq keçməsinə imkan yaradacaq. “Leonardo”nun Aviasiya Bölməsinin baş direktoru Stefano Bortoli isə bildirib ki, M-346 platforması son illərdə həm texnoloji inkişaf, həm də qlobal bazar uğuru baxımından mühüm irəliləyiş əldə edib.
O qeyd edib ki, M-346 getdikcə daha çox hava qüvvəsinə xidmət göstərən inteqrasiya olunmuş təlim imkanlarının əsas platformasına çevrilib.
Bu günədək platforma üzrə 160 mindən çox uçuş saatına nail olunub və 160-dan artıq təyyarə təhvil verilib. M-346 platformasının “Eurofighter Typhoon”, F-35 “Lightning II” və yeni nəsil döyüş təyyarələri üçün pilot hazırlığında aktiv istifadə olunduğu bildirilib.
Həmçinin Kanada da daxil olmaqla 20 ölkənin platformadan istifadə etdiyi və ya onu seçdiyi qeyd olunub. “Leonardo” əlavə olaraq M-346-nın İtaliya Hərbi Hava Qüvvələrinin akrobatika qrupu olan “Frecce Tricolori”nin gələcəkdə istifadə edəcəyi yeni platforma kimi seçildiyini açıqlayıb.
Şirkət bu seçimin təyyarənin performansı, manevr qabiliyyəti və əməliyyat imkanlarını əks etdirdiyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az