Türkiyə Somalinin “Gorgor” komandolarına tank və zirehli vasitə təlim dəstəyini genişləndirir

2026/05/1779821208.jpg
Oxunub: 539     22:44     26 May 2026    
Türkiyə ilə Somali arasında müdafiə əməkdaşlığı ağır zirehli birlik təlimlərini də əhatə edəcək yeni mərhələyə keçib.

Ordu.az xəbər verir ki, bu barədə “Military Africa” nəşri məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələri Somalinin elit “Gorgor” komandoları üçün həyata keçirilən təlim proqramını genişləndirərək əsas döyüş tankları və ağır zirehli platformaların istifadəsinə dair xüsusi hazırlıqlara başlayıb.

Təlim fəaliyyəti Moqadişudakı TURKSOM Hərbi Təlim Akademiyası ilə Isparta şəhərindəki komando məktəbləri arasında həyata keçirilir. Əvvəllər əsasən piyada hazırlığına yönəlmiş proqram çərçivəsində artıq ağır zirehli vasitələrin texniki xidməti, tank əməliyyatları və taktiki manevr qabiliyyətləri də öyrədilir.

Bu inkişaf Somali ordusunun assimetrik terrorla mübarizə konsepsiyasından daha konvensional müharibə qabiliyyətlərinə keçid hazırlığı kimi qiymətləndirilir. Məlumata görə, Türkiyə 2026-cı il fevralın 14-də Moqadişu limanına TCG “Sancaktar” desant gəmisi vasitəsilə təxminən 10-15 ədəd M48 və M60 “Patton” əsas döyüş tankı göndərib.

Beləliklə, Somali Milli Ordusu 1990-cı illərdə dövlət strukturunun çökməsindən sonra ilk dəfə tırtıllı ağır zirehli imkanlarını yenidən bərpa edib. Tanklarla yanaşı, Türkiyənin Somaliyə daha əvvəl ən azı 20 ədəd BMC “Kirpi” minaya davamlı zirehli vasitə təhvil verdiyi bildirilib.

Təhvil verilən tankların böyük hissəsini Türkiyə Silahlı Qüvvələrinin inventarında istifadə olunan modernləşdirilmiş M48A5T2 tankları təşkil edir. Bu platformalarda 105 mm çaplı M68 yivli top, termal atəş idarəetmə sistemi, lazer məsafəölçəni və hərəkət zamanı dəqiq atəş açmağa imkan verən stabilləşdirmə sistemi mövcuddur.

Tankların dizel mühərriklərinin modernləşdirilməsi nəticəsində onların təxminən saatda 48 kilometr maksimal sürətə və 499 kilometrlik əməliyyat mənzilinə çatdığı qeyd olunur. Bununla yanaşı, xəbərdə bu köhnə nəsil tankların müasir aktiv müdafiə sistemlərindən məhrum olduğu vurğulanıb.

Bu vəziyyətin tank əleyhinə idarəolunan raketlər və əldəqayırma partlayıcı qurğular qarşısında zəiflik yarada biləcəyi bildirilir. Həmçinin ağır zirehli vasitələrin texniki xidmət, ehtiyat hissələri və logistika tələblərinin Somali ordusu üçün ciddi yük yaratdığı qeyd olunub. Bu səbəbdən türk təlimatçıların texniki xidmət modullarını birbaşa təlim proqramına daxil etdiyi bildirilib.

Xəbərdə Türkiyənin Somaliyə yaxın vaxtlarda üç ədəd T-129 ATAK hücum helikopteri və Somali Hərbi Dəniz Qüvvələri üçün iki ədəd ümumi təyinatlı helikopter təhvil verdiyi də qeyd olunub. Təhvilin 2024-cü il fevralın ayında imzalanmış müdafiə sazişi çərçivəsində həyata keçirildiyi bildirilib.

Afrika Birliyinin Somali Keçid Missiyasının 2026-cı ilin ortalarında ölkədən çıxarılmasının planlaşdırıldığı bir vaxtda Somali Milli Ordusunun təhlükəsizlik məsuliyyətini öz üzərinə götürmək üçün əməliyyat imkanlarını sürətlə artırmağa çalışdığı vurğulanıb.

Türkiyənin Moqadişudakı TURKSOM bazası vasitəsilə Somali ordusunun yenidən qurulmasında əsas rol oynadığı qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Somali   Gorgor  


Bizi "telegram"da izləyin