Bu son ifadədən belə çıxır ki, Rusiyanın raket və pilotsuz uçuş aparatı hücumlarının hədəfi Ukrayna Prezidentinin, hökumətin, Ali Radanın binaları, həmçinin Silahlı Qüvvələrin, xüsusi xidmət orqanlarının və hərbi kəşfiyyatın komanda məntəqələridir. “RİA Novosti”nin redaksiya məqaləsinə görə, “Rusiya uşaq qatilləri ilə danışıqları dayandırıb”. Söhbət Ukrayna ilə bütün səviyyələrdə təmasların dayandırılmasından gedir.
Bu kontekstdə Lavrov-Rubio telefon danışığı ona görə önəm qazanır ki, bir gün əvvəl ABŞ dövlət katibi faktiki olaraq Rusiya-Ukrayna hərbi münaqişəsinin dayandırılması üçün vasitəçilik səylərini dayandırdığını bəyan etmişdi. TASS, əlbəttə, həmin telefon danışığının təfərrüatlarını açıqlamayıb. Anlamaq olar ki, ABŞ vasitəçiliyi dayandırmaqla Rusiyaya yerində vəziyyəti dəyişmək və bu mövqedən Ukraynaya “kapitulyasiya” qəbul etdirmək imkanı yaradıb. Digər tərəfdən isə Ukrayna da “əl-qol açıq” vəziyyətə keçir.
Beləliklə, Ukrayna müharibəsinin, Avropa Komissiyasının Prezidenti fon der Lyayenin ifadə etdiyi kimi, “dəliqanlı eskalasiyası” və ümumavropa müharibəsi təhlükəsi realdır. Təxminən iki həftədir Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Medvedevin səsləndirdiyi “Avropaya heyvani qorxu aşılamaq lazımdır” fikri gerçəyə çevrilməyə çox yaxındır. Rusiya rəsmi mətbuatının materiallarında Kiyevə “Oreşnik”in tətbiqindən sonra “Avropada vahimə” yaradıldığı təəssüratı üstünlük təşkil edir.
Kiyevdə qərar qəbul edən mərkəzlərin hədəf götürülməsi barədə Rusiya Müdafiə Nazirliyinin açıq şəkildə danışması faktiki olaraq Ukrayna Prezidentinin öldürülməsinin planlaşdırıldığını göstərir. Luqansk vilayətində pedaqoji kollec yataqxanasının raket atəşinə tutulması isə “mülki əhalinin öldürülməsi məqsədi ilə təşkil olunmuş terror aktı” kimi təqdim edilir. Bu məsələ ilə bağlı Rusiyaya BMT Təhlükəsizlik Şurasında dəstək almaq mümkün olmayıb. Beynəlxalq ictimaiyyət Luqansk vilayətini Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazisi kimi tanıyır.
Kiyevin sistemli raket atəşinə tutulması barədə Rusiya xarici işlər naziri tərəfindən ABŞ dövlət katibinə verilən məlumat, ehtimal ki, ABŞ Prezidentinin “hələ də təsir göstərə və Zelenskini atəşkəsin Rusiya şərtlərini qəbul etməyə məcbur edə biləcəyi” kontekstində verilib. Bir gün əvvəl Sergey Lavrov Rusiyanın nüfuz və təsirini təsdiqləmək üçün ön şərt kimi “xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olunmasını” göstərmişdi.
Bəs Lavrov-Rubio telefon danışığından sonra nə baş verə bilər? Mümkündür ki, Moskvada yeni Tramp-Putin telefon danışığı gözlənilir. ABŞ Prezidenti bu günlərdə İranla “saziş” məsələsi üzrə danışıqlara fokuslanıb. Tramp, görünür, səmimi şəkildə “İran bataqlığından” şərəfli çıxış yolu tapmağa çalışır və hələlik diplomatik səylərə üstünlük verir. Vladimir Putin isə Ukrayna cəbhəsində atəşkəsin, sonra isə digər məsələlərin müzakirəsi variantını dəfələrlə rədd edib.
Qeyd etmək yerinə düşər ki, Rusiyanın xarici işlər naziri ABŞ dövlət katibi ilə bu “ultimativ” telefon danışığını onun İrəvana gedişindən əvvəl aparıb. Ermənistan üzərində Moskvanın təzyiqləri pik həddə çatıb. Bəlkə Lavrov Rubionu Ermənistanla münasibətlərin dərinləşdirilməsinin təhlükəsi barədə xəbərdar edib?
Asif Cəfərov
Ordu.az