“Oreşnik”dən sonra yeni mərhələ: Ukraynada Rusiya-Avropa qarşıdurması dərinləşir

2026/05/1779818622.jpg
Oxunub: 857     21:59     26 May 2026    
Mayın 24-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə “qisas” zərbələri endirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Oreşnik”, “İskəndər” və “Kinjal” raketlərindən istifadə olunub, zərbələr dənizdən, havadan və qurudan həyata keçirilib və “bütün hədəflər vurulub”.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski kəşfiyyat məlumatlarına istinad edərək həmin hücumları “anons etmişdi”. Bu isə Kiyevin həm öz imkanları, həm də tərəfdaş dövlətlərin dəstəyi ilə Rusiyanın hərbi sirlərinə bələd olduğunu göstərir.

Kiyevə endirilən zərbələrə münasibət bildirən Almaniya kansleri Fridrix Merts “X” sosial platformasında Rusiya ordusunun “Oreşnik” raketlərindən istifadəsini “qətiyyətlə pisləyib” və bu hücumu “məntiqsiz eskalasiya” adlandırıb.

Fransa Prezidenti Emmanuel Makron da həmin platformada “Oreşnik” raketlərinin istifadəsini “eskalasiyanın və təcavüzkar müharibədə çıxılmaz vəziyyətin göstəricisi” kimi qiymətləndirib. O vurğulayıb ki, bundan sonra “Ukraynaya dəstək vermək, ədalətli və davamlı sülhə nail olmaq, Avropanın təhlükəsizliyini möhkəmləndirmək istiqamətində səylər daha da güclənəcək”.

Finlandiya Prezidenti Aleksandr Stubb isə yazıb: “Bu mənasız təcavüzkar müharibə dayandırılmalıdır. Biz Rusiyanın hərbi maşınına təzyiq göstərməyə davam etməli və Ukraynaya yardımımızı artırmalıyıq”.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin fikrincə isə “mülki əhaliyə qarşı terror artıq güc deyil, ümidsizlik əlamətidir”. O bildirib ki, “Oreşnik” raketlərinin istifadəsi “qorxu yaymaq taktikası və nüvə müharibəsinin sərhədində təhlükəli oyundur”.

Rusiya Ukraynaya qarşı müharibədə elə bir vaxtda eskalasiyaya gedir ki, ABŞ faktiki olaraq münaqişənin həllində vasitəçilik səylərini dayandırıb. Reaksiyalara əsasən görünür ki, Moskvada Donald Trampdan narazıdırlar, çünki onun “Zelenskini razı sala biləcəyi, lakin kifayət qədər təzyiq göstərmədiyi” düşünülür.

ABŞ dövlət katibi Marko Rubionun açıqlamalarından isə belə təəssürat yaranır ki, Vaşinqton vasitəçiliyi dayandırıb və ya dondurub, çünki Vladimir Putin Xerson və Zaporojye vilayətlərində təmas xətti boyunca atəşkəsə razı olmayıb. Bununla yanaşı, o, ABŞ-dən işğal olunmuş bütün Ukrayna ərazilərinin Rusiyaya məxsusluğunu de-yure tanımağı tələb edib.

Beləliklə, Rusiya ən azı müvəqqəti olaraq Donald Trampın siyasi dəstəyini itirir. Avropa ölkələrinin və Avropa Komissiyasının Ukraynaya dəstək vermək hazırlığı nə qədər real olacaqsa, Rusiya da qarşıya qoyduğu “bütün məqsədlərə nail ola” bilməyəcək. Mertsin, Makronun, Stubbun və fon der Lyayenin bəyanatları göstərir ki, Ukraynada Rusiya-Avropa müharibəsi gedir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Oreşnik   Rusiya   Ukrayna   Avropa  


Bizi "telegram"da izləyin