Ordu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qanuna əsasən, “Rusiya Federasiyasının konstitusiya quruluşunun əsaslarına, dövlət və ictimai təhlükəsizliyə qarşı yönəlmiş ictimai fəaliyyətə” görə xaricdə olan şəxslərin əmlakına həbs qoyula biləcək.
Qeyd olunub ki, bu dəyişiklikləri hələ 2023-cü ildən Dövlət Dumasının sədri Vyaçeslav Volodin irəli sürürdü, müzakirələr isə 2025-ci ildən başlayıb.
Yeni qaydalara əsasən, siyasi maddələrlə cərimələnmiş relokantların əmlakı cərimənin ödənilməsini təmin etmək məqsədilə həbs ediləcək.
Bu maddələr arasında Rusiya Silahlı Qüvvələrinin “nüfuzdan salınması”, “arzuolunmaz təşkilatların” fəaliyyətində iştirak, “xarici agent” fəaliyyəti qaydalarının pozulması, sanksiyalara çağırış, media azadlığından sui-istifadə, ekstremist materialların yayılması və SSRİ ilə nasist Almaniyasının İkinci Dünya Müharibəsindəki rollarının eyniləşdirilməsi yer alır.
Qanuna edilən dəyişikliklərə əsasən, həbs qoyulan əmlakın dəyəri tətbiq olunan cərimənin məbləği ilə məhdudlaşmayacaq.
Bu isə o deməkdir ki, məhkəmələr hətta cərimə bir neçə on min rubl olsa belə, milyonlarla rubl dəyərində daşınmaz əmlaka da həbs qoya biləcəklər.
İşlər təqsirləndirilən şəxsin iştirakı olmadan araşdırılacaq, ona dövlət hesabına vəkil təyin ediləcək və məhkəmə qərarı poçt vasitəsilə göndəriləcək.
Qanun 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək. Qanun layihəsinin izahatında qeyd olunub ki, xarici ölkələrdə müxtəlif ictimai fəallar və liderlər tərəfindən Rusiyanın maraqlarına qarşı fəaliyyət həyata keçirilir.
Deputatlar bildiriblər ki, məqsəd relokantlara qarşı “profilaktik təsir tədbirləri” tətbiq etmək və Rusiyanın ərazi bütövlüyünün pozulmasına çağırışların qarşısını almaqdır.
Volodin hələ 2023-cü ildə xaricə köçmüş və ölkəni “ictimai şəkildə palçığa bulayan” şəxslərin əmlakının müsadirə olunmasını tələb edirdi.
O bildirib ki, həmin şəxslər Rusiyanın hesabına rahat həyat yaşayır, daşınmaz əmlaklarını icarəyə verirlər və Rusiya vətəndaşlarından qonorar almaqda davam edirlər.
Volodin əlavə edib ki, bu şəxslər rus hərbçilərini təhqir edir və cəzasız qalacaqlarını düşünürlər.
Qanun səsverməsi ərəfəsində Volodin bəyan edib ki, “Qərb himayədarlarının pulları ilə terror və ekstremizmə çağırış edən” relokantlar həm cinayət, həm də inzibati məsuliyyət daşımalı olacaqlar.
Sevinc Əliyeva
Ordu.az