Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri məlumat yayıb.
Məlumata görə, söhbət qırıcı təyyarələrin, döyüş gəmilərinin və yanacaq dolduran təyyarələrin ayrılmasının azaldılmasından gedir.
Nəşr qeyd edib ki, Şimali Atlantika Alyansı hazırda görünməmiş etimad böhranı yaşayır və bir sıra Avropa ölkələri Vaşinqtonun tamamilə alyansdan çıxacağından ciddi şəkildə ehtiyat edir.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Avropalı müttəfiqləri müdafiəyə kifayət qədər xərc ayırmadıqlarına görə sərt tənqid edib və Almaniyadan minlərlə ABŞ hərbçisinin çıxarılacağını vəd edib.
Onun Danimarkanın muxtar xarici ərazisi olan Qrenlandiya üzərində nəzarət qurmaq istəyi transatlantik gərginliyi daha da artırıb.
Tramp həmçinin Avropa ölkələrini İranla müharibə fonunda Hörmüz boğazının gəmiçilik üçün məcburi açılması məsələsində dəstək vermədiklərinə görə kəskin tənqid edib.
O, NATO-dan çıxmaq ehtimalını nəzərdən keçirdiyini vurğulayıb və Vaşinqtonun qarşılıqlı müdafiə sazişinə sadiqliyini şübhə altına alıb.
“Spiegel”in məlumatına görə, ötən həftənin sonunda ABŞ müdafiə naziri Pit Heqsetin xüsusi nümayəndəsi Brüsseldə NATO qərargahında keçirilən qapalı görüş zamanı üzv ölkələrin yüksəkvəzifəli nümayəndələrinə Vaşinqtonun yeni planı barədə məlumat verib.
Vəziyyətlə tanış olan üç mənbə “Reuters” agentliyinə təsdiqləyib ki, Tramp administrasiyası fors-major halında alyansa ayrılan hərbi resursların mərhələli şəkildə azaldılması barədə NATO müttəfiqlərini məlumatlandırmağı planlaşdırır.
Məlumata əsasən, ABŞ strateji bombardmançıların əvvəlki sayının yalnız yarısını ayıracaq.
NATO ehtiyacları üçün ayrılan ABŞ qırıcılarının sayı isə üçdəbir azalacaq.
“Spiegel”in yazdığına görə, ABŞ nümayəndəsi Aleksandr Veles-Qrin qapalı görüşdə bunu şəxsən açıqlayıb.
ABŞ Hərbi Dəniz Qüvvələri alyansa təqdim olunan esmineslərin sayını azaldacaq və sualtı qayıqların ayrılmasından tamamilə imtina edəcək.
Yeni qaydalara əsasən, Avropa kəşfiyyat pilotsuz uçuş aparatları ilə özünü müstəqil şəkildə təmin etməli olacaq. ABŞ isə zərbə pilotsuz uçuş aparatlarının tədarükünü ciddi şəkildə azaltmağı planlaşdırır.
Qeyd olunub ki, ABŞ daha ətraflı məlumatı iyunun əvvəlində keçiriləcək qüvvələrin formalaşdırılması konfransında təqdim edəcək.
Almaniya Müdafiə Nazirliyi “Reuters”in şərh sorğusuna operativ cavab verməyib.
NATO-nun rəsmi nümayəndəsi isə “Spiegel”ə bildirib ki, alyansın hərbi planlaşdırılmasında uzun müddətdir ABŞ-dən “həddindən artıq asılılıq” müşahidə olunur.
O əlavə edib ki, Avropa və Kanadanın müdafiə sahəsinə yatırımlarını artırması fonunda alyans daxilində hərbi öhdəliklər yenidən bölüşdürülə bilər.
Sevinc Əliyeva
Ordu.az