Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri Ukrayna Silah İstehsalçıları Şurasının direktoru İqor Fedirkoya istinadən məlumat yayıb.
“Bunlar kiçik ölkələrdir. Onlar Rusiya aqressiyası baş verərsə, insanların təhlükəsizliyini təmin etmək üçün ən yaxşı həll yollarını tapmağa çalışırlar”, - deyə Fedirko bildirib.
Estoniyanın müdafiə naziri Hanno Pevkur “Politico”ya açıqlamasında ölkəsinin uzun müddətdir Rusiyanın mümkün hücumlarına hazırlaşdığını və əhalinin müdafiəsi üçün kifayət qədər təcrübəyə malik olduğunu deyib.
Litva Xarici İşlər Nazirliyinin nümayəndəsi sığınacaqlarla bağlı danışıqlar barədə məlumata malik olmadığını bildirsə də, “Ukraynada əldə olunan təcrübənin böyük dəyərə sahib olduğunu” vurğulayıb.
Latviyanın xarici işlər naziri isə mövzu ilə bağlı sorğunu cavablandırmayıb.
Ukraynanın “Metinvest” şirkətinin baş direktoru Yuri Rijenkov da şirkətin Baltik ölkələrinin hökumətləri ilə mümkün pilotsuz uçuş aparatı hücumlarından qorunmaq üçün sığınacaqların tikintisi barədə ilkin danışıqlar apardığını təsdiqləyib.
“İstənilən şəxs sığınacaq tikə bilər, lakin əsas dəyər taktiki təcrübədədir”, - deyə Rijenkov əlavə edib.
Son aylarda Baltik ölkələrinin hava məkanına pilotsuz uçuş aparatlarının daxil olması halları daha da artıb. Latviyada qəzaya uğrayan Ukrayna pilotsuz uçuş aparatlarından biri Rusiya sərhədinə yaxın yerləşən Rezekne şəhərindəki neft anbarına ziyan vurub.
Pilotsuz uçuş aparatları ilə bağlı bir sıra hadisələr ölkənin müdafiə nazirinin istefasına, daha sonra isə hökumətin buraxılmasına səbəb olub. Litvada hava həyəcanı səbəbilə hökumət üzvləri və Prezident Gitanas Nauseda sığınacaqlarda gizlənməyə məcbur qalıblar.
Pilotsuz uçuş aparatlarının hava məkanına daxil olması ilə bağlı bir neçə hadisədən sonra Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Baltik ölkələrindən üzr istəyib.
Sevinc Əliyeva
Ordu.az